EN

Telefondan istifadə azyaşlıların yuxu rejimini pozur? - MÜTƏXƏSSİS CAVABI

Telefon və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə uşaqlarda yuxu pozuntularına və davranış dəyişikliklərinə səbəb ola bilir. Xüsusilə gecə saatlarında ekran qarşısında qalmaq melatonin hormonunun ifrazını azaldır və yuxuya getməyi çətinləşdirir.

Bəzi valideynlər isə bunun əksin bildirirlər. Belə ki, telefon istifadəsi məhdudlaşdırıldıqdan sonra uşaqların gecə yuxusu daha tez normallaşır, aqressiv davranışlarda isə azalma müşahidə olunduğunu deyirlər.

Valideynlərin fikiri nə dərəcədə əsaslıdı? Sözügedən mövzu ilə bağlı Sfera.az-a açıqlama verənb neyropsixoloq Aytəkin Aslan son illərdə uşaqların həyatında rəqəmsal cihazların, xüsusilə telefon, planşet və televizorun rolu sürətlə artdığını, ekran asılılığı yarandığını söyləyib:

"Bu cihazlar həm öyrənmə, həm də əyləncə məqsədilə istifadə olunsa da, onların həddindən artıq, düzgün tənzimlənməyən istifadəsi uşaqlarda yuxu pozuntularına və davranış dəyişikliklərinə səbəb ola bilir. Xüsusilə gecə saatlarında ekran qarşısında qalmaq melatonin hormonunun ifrazını azaldır. Melatonin yuxuya getmək üçün əsas hormondur və bu hormonun azalması uşaqların gecə yuxusuna getməsini çətinləşdirir. Bunun nəticəsində uşaqlar ya gec yatır, ya da yuxu müddəti kifayət qədər uzun olmur. Yuxu, uşaqların inkişafının əsas və təməl ünsürüdür. Erkən uşaqlıq dövründə beynin əsas fəaliyyəti yuxudur. Yuxu müddəti və keyfiyyəti körpəlikdən başlayaraq fərqlilik göstərir və yaş artdıqca həm yuxu müddəti, həm də aktiv yuxu miqdarı azalır. Sağlam yuxu uşaqların fiziki böyüməsi, nevroloji və davranış inkişafı, toxuma yenilənməsi və immunitet funksiyalarının güclənməsi üçün kritik əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, gecə vaxtı ekran istifadəsi ilə uşaqların yuxu keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur. Valideynlərin müşahidəsi də bu elmi nəticələri təsdiqləyir. Bir çox valideyn qeyd edir ki, telefon və planşet istifadəsi məhdudlaşdırıldıqdan sonra uşaqlar daha tez və rahat yuxuya gedir, həmçinin gündəlik davranışlarda xüsusilə aqressivlik və həyəcan səviyyəsində azalma müşahidə olunur. Bu müşahidələr elmi araşdırmalarla da dəstəklənir. Məsələn, 150 valideyn-uşaq cütlüyü ilə aparılmış bir tədqiqat göstərir ki, uşaqların daha çox ekran qarşısında vaxt keçirməsi onların ümumi yuxu müddətini azaldır".

Aytəkin Aslan araşdırmalara əsasən, 25-48 aylıq uşaqların ekran vaxtının ən yüksək olduğu qrup olaraq müəyyən edildiyini və bu qrupda yuxu müddətinin digər yaş qruplarına nisbətən daha qısa olduğunun müşahidə olunduğunu əlavə edib:

"Tədqiqatın nəticələri göstərir ki, ekran qarşısında keçən vaxt artdıqca yuxu müddəti azalır. Lakin otaqda sadəcə texnoloji cihazın mövcudluğu yuxuya getməyə birbaşa təsir göstərmir. Yəni əhəmiyyətli olan uşağın ekran qarşısında faktiki keçirdiyi vaxtdır, sadəcə cihazın otaqda olması deyil. Yuxu müddətinin azalması uşaqlarda davranış problemlərinə də səbəb ola bilər. Uşaqlar kifayət qədər yatmadıqda onların diqqət və öyrənmə qabiliyyəti zəifləyir, emosiyaları daha tez dəyişir, aqressiv davranışlar və həyəcan halları artır. Bu səbəbdən ekran vaxtının düzgün tənzimlənməsi və xüsusilə gecə saatlarında məhdudlaşdırılması həm yuxu, həm də davranış baxımından uşaqlar üçün çox vacibdir.Elmi araşdırmalar və valideyn müşahidələri göstərir ki, uşaqlar üçün praktik tövsiyələr gecə yatmazdan ən azı bir saat əvvəl ekran istifadəsini dayandırmaq.Uşağın yataq otağında televizor, planşet və telefon kimi cihazları saxlamamaq.Yataq otağında texnoloji cihazların paylanmasında televizorun 46%, mobil telefonun 28,5%, kompüterin 11,2%, tabletin isə 14% şəkilində tənzimlənməlidir. Ekran qarşısında keçirdiyi vaxtı gün ərzində tədricən məhdudlaşdırmaq və alternativ fəaliyyətlər, kitab oxumaq, fiziki oyunlar, yaradıcılıq fəaliyyətləri təklif etmək vacibdir. Valideynlərin özü də ekran vaxtına diqqət etməli və uşağa nümunə olmalıdır. Uşaqlarda yuxu pozuntuları və davranış dəyişiklikləri ilə mübarizədə ekran vaxtının düzgün idarə olunması əhəmiyyətli rol oynayır. Uşaqların gecə vaxtı ekran qarşısında keçirdiyi müddətin azaldılması, yuxu keyfiyyətini artırmaqla yanaşı, onların gündəlik emosional və davranış inkişafına da müsbət təsir göstərir. Valideynlərin bu sahədəki müşahidələri elmi araşdırmalarla uyğun gəlir və uşaqların sağlam inkişafı üçün əsaslı hesab olunur. Uşaqların diqqəti və psixoloji sağlamlıqları yalnız gündəlik həyat üçün deyil, onların gələcək sağlamlığı və emosional inkişafı üçün də həyati əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources