EN

Deja vu və altıncı hiss yalandır? - Den Braunun romanının arxasındakı sirr

Kulis.az hüquqşünasYunis Xəlilovun "Beyin bir "alıcı"dırmı?" yazısını təqdim edir.

"Lokkallaşmamış şüur" - "Non-local consciousness" ideyası - Den Braun "Sirlərin sirri" romanından elmə uzanan mübahisəli yol

Şüurun harada yerləşdiyi sualı bəşəriyyətin ən qədim fəlsəfi problemlərindən biridir. Bəlkə də bu haqda bəziləri məlumatsız olduğunundan düşünə bilər ki, bu nə problemdir. Belə də sual olar: "Şüur harada yaranır?" Cavab çox sadədir: "Təbii ki, beyində".

Bəli, sizinlə razıyam. Hazırda müasir neyrobiologiya şüurun əsasən beyin fəaliyyətinin nəticəsi olduğunu göstərir. Məsələn, “Global Neuronal Workspace” nəzəriyyəsinə görə şüur beynin müxtəlif sahələri arasında informasiyanın “qlobal yayımı” nəticəsində yaranır.

Başqa bir məşhur model - "Integrated Information Theory" şüuru kompleks informasiya inteqrasiyası ilə izah etməyə çalışır. Son illərdə aparılan neyroelmi araşdırmalar isə şüurun konkret bir “mərkəzi nöqtədə” yox, beynin arxa hissələrində yerləşən sensor şəbəkələrlə daha çox əlaqəli olduğunu göstərir.

Deyəcəksiniz ki, şüurun harada yaranmasının cavabı bu qədər sadədirsə, bəs, o zaman nəyə görə bu problem kimi qəbul edilir? Dərhal cavab verim ki, məsələ göründüyü kimi deyil və bu suala fərqli cavab verməyə çalışanlar da var.

Müasir dövrdə bu maraq doğuran problem Den Braunun "Sirlərin sirri" romanı ilə yenidən aktuallaşıb. Bu yaxınlarda sözügedən romanı oxuyub bitirdim. Den Braunun əvvəlki romanlarındakı kimi bu romanında da qalmaqallı məqamlar var. Məncə, bunlardan ən başlıcası elə məhz "yerli olmayan şüur" ("Lokkallaşmamış şüur" - "Non-local consciousness") ideyasıdır.

Bu ideyaya görə şüur beynin daxilində yaranmır, əksinə, kainatda mövcud olan bir informasiya sahəsidir və beyin sadəcə onu qəbul edən alıcı rolunu oynayır.

"Sirlərin sirri" romanında yenidən gündəmə gətirilən bu ideya oxucuya həm elmi, həm də mistik səslənir. Amma onun həqiqətən elmi olub-olmaması ayrıca araşdırma tələb edir.

Gəlin romandakı bir hissədəki təsvirləri qısaca təqdim edib əsərdəki Katherine obrazının dili ilə deyilən xüsusilə Motsart nümunəsinin nəyə işarə etdiyini sizinlə bölüşməyə çalışım.

Romanın əsas metaforası: “Motsart dinamik (elektroakustik cihaz) qarşısında” – lokallaşmamış şüuru anlatmaq cəhdi

Romanda qəhrəmanlardan Ketrin şüurun necə işlədiyini izah etmək üçün Motsart nümunəsini gətirir. O deyir ki, təsəvvür edin: Motsart zaman səyahəti edib bizim dövrümüzə gəlib və masa üzərində duran kiçik bir naqilsiz dinamikdən simfonik musiqi səsləndiyini eşidir.

Romanın məntiqinə görə, Motsart üçün bu hadisə demək olar ki, möcüzə kimi görünərdi. Çünki onun yaşadığı dövrdə musiqi yalnız canlı orkestr vasitəsilə eşidilə bilərdi. O, kiçik qutudan gələn səsin əslində, radio dalğaları ilə ötürüldüyünü anlaya bilməzdi və bəlkə də divarın içində gizlənmiş bir orkestr olduğunu düşünərdi.

Müəllif burada belə bir paralel qurur:

Necə ki Motsart radio texnologiyasını bilmədiyi üçün musiqinin mənbəyini səhv anlaya bilərdi, biz də şüurun əsl mənbəyini anlamaya bilərik.

Ketrin davam edərək deyir ki, biz Motsarta radio dalğalarını izah etməyə çalışsaq belə, onun referans çərçivəsi olmadığı üçün bunu başa düşməsi çətin olardı. Eyni şəkildə, romandakı nəzəriyyəyə görə, insanlar da “lokallaşmamış şüur” anlayışını dərk etməkdə çətinlik çəkirlər.

Bu hissə romanın ən güclü bədii momentlərindən biridir. Çünki müəllif elmi bir konsepsiyanı tarixdən götürülmüş tanış obraz vasitəsilə sadələşdirir.

Bəs, elm bu bənzətmə haqqında nə deyir?

Motsart nümunəsi çox təsirli olsa da, elmi baxımdan bu sadəcə metaforadır. Müasir neyroelm göstərir ki, musiqini eşitmək və anlamaq üçün beynin konkret hissələri fəaliyyət göstərir. Əgər beyin sadəcə alıcı

olsaydı, həmin bölgələrin zədələnməsi musiqi qabiliyyətini bu qədər dəyişdirməzdi.

Başqa sözlə, romandakı bənzətmə şüurun mənbəyini izah etmək üçün yaradıcı üsuldur, lakin onu birbaşa elmi fakt kimi qəbul etmək olmaz. Motsart analoqu oxucuya belə bir fikir ötürür: “bəlkə də elm hələ bilmədiyimiz bir mexanizmi qaçırır.” Amma bu, hələlik sübut olunmuş model deyil.

“Beyin antenadır” ideyası və romandakı radio metaforası
Motsart hissəsindən sonra romanda şüur radio dalğalarına bənzədilir. Qəhrəmanlar deyirlər ki, beyin əslində mürəkkəb bir alıcıdır və kainatda mövcud olan şüur siqnallarına köklənir. Bu hissələrdə şüur "Wi-Fi" və qlobal "informasiya buludu" kimi təsvir olunur.

Bu metafora ictimaiyyət üçün çox cəlbedici görünür. Çünki müasir insan texnologiya dövründə yaşayır və radio, internet, server kimi anlayışlar gündəlik həyatın bir hissəsidir.

Lakin neyroelm bu modeli qəbul etmir. Araşdırmalar göstərir ki, düşüncə və yaddaş beynin neyron şəbəkələrinin fəaliyyətindən yaranır və xarici “şüur serveri” ideyasına dair empirik sübut yoxdur.

Romandakı savant sindromu və fərqli “kanallar” ideyası

Müəllif romanda savant sindromunu da lokallaşmamış şüur nəzəriyyəsi ilə əlaqələndirir. Orada belə fikir verilir ki, bəzi insanlar fərqli siqnallara kökləndiyi üçün qeyri-adi bacarıqlar əldə edir.

Məncə, elmi baxış daha sadədir: savant sindromu nevroloji inkişaf fərqlilikləri ilə bağlıdır və beynin müəyyən bölgələrinin fərqli işləməsi nəticəsində yaranır. Yəni elm bu fenomeni kosmik şüur kanalları ilə deyil, beyin strukturu ilə izah edir.

Lokallaşmamış şüur nəzəriyyəsində “fərqli siqnal” ideyası: dahilər, intuisiya və deja vu

Den Braunun təqdim etdiyi modeldə ən diqqətçəkən fikirlərdən biri budur ki, guya bəzi insanlar dünyaya gələndə beyinləri müəyyən “siqnal hekayəsi"nə və ya xüsusi tezliyə uyğun tənzimlənmiş olur.

Romanda bu yanaşma belə izah olunur: bəziləri ulduz idmançı, bəziləri virtuoz musiqiçi, bəziləri isə dahi alim kimi doğulur, çünki onların beyni fərqli bir şüur axınına qoşula bilir. Bu ideya oxucuya cazibədar görünür, çünki insan qabiliyyətlərindəki böyük fərqləri mistik və romantik şəkildə izah edir.

Lakin elmi baxış bu mövzuda daha ehtiyatlıdır. Müasir neyroelm göstərir ki, istedad və dahilik əsasən genetik meyllər, erkən inkişaf mühiti və beynin neyron əlaqələrinin plastiklik xüsusiyyətləri ilə bağlıdır.

Başqa sözlə, “fərqli siqnal” metaforası bədii izahdır; elm bunu neyrobioloji fərqliliklər və uzunmüddətli məşq prosesi ilə açıqlayır.

Romanda altıncı hiss və intuisiya da lokallaşmamış şüurun nəticəsi kimi təqdim olunur. Qəhrəmanlar iddia edir ki, insan bəzən şüur səviyyəsindən kənarda olan məlumatlara çıxış əldə edir və bu, intuisiya kimi hiss olunur. Psixologiya isə intuisiya anlayışını beynin sürətli qərarvermə mexanizmləri ilə izah edir. İnsan şüurlu şəkildə analiz etmədiyi məlumatları belə, beynin alt səviyyədə emal etdiyi üçün qəfil “doğru hiss” yarana bilir.

Deja vu fenomeni də romanda şüurun paralel axınları ilə əlaqələndirilir. Halbuki müasir tədqiqatlar deja vu hissini yaddaş sistemindəki qısa müddətli sinxronizasiya səhvləri ilə izah edir. Yəni beyin yeni məlumatı səhvən tanış kimi qəbul edir və insanda qəribə bir tanışlıq hissi yaranır.
Bu hissələrin ortaq cəhəti budur: Den Braun bu fenomenləri lokallaşmamış şüurun sübutu kimi təqdim edir, elm isə onları beynin daxili

mexanizmləri ilə izah etməyə çalışır. Bu fərq romanın bədii cazibəsini azaldırmı? Əksinə — oxucunu düşünməyə vadar edən məhz bu mübahisəli sərhəddir.

Kvant fizikası və “şüur buludu” - elmi ehtimal, yoxsa bədii element?
Romanın başqa hissələrində şüurun kvant fizika ilə əlaqəli ola biləcəyi vurğulanır. Doğrudur, bəzi nəzəriyyələr – məsələn, Penrose və Hameroffun Orch-OR modeli – şüurun kvant prosesləri ilə bağlı ola biləcəyini irəli sürür. Lakin bu ideyalar hələ geniş qəbul olunmayıb və neyroelm daxilində mübahisəlidir.

Bu səbəbdən romandakı “kainata yayılmış şüur buludu” təsviri elmi fakt deyil, daha çox bədii interpretasiya kimi qəbul edilməlidir, məncə.

Beləliklə, Den Braunun romanında Mozart nümunəsi lokallaşmamış şüur ideyasını izah etmək üçün qurulmuş güclü bədii vasitədir. Müəllif oxucuya demək istəyir ki, bəlkə də biz də gələcəyin elmini anlamayan Motsart kimiyik. Lakin məncə, əksi sübut olunana qədər bunu qəbul etməliyik ki, şüurun beyindən kənarda yerləşdiyini təsdiq edən dəlil yoxdur və beynin sadəcə alıcı olması ideyası elmi konsensus sayılmır.

Müasir neyroelm şüuru beynin kompleks bioloji fəaliyyətinin nəticəsi kimi izah edir.

Bununla belə, romanın dəyəri məhz sual yaratmasındadır.

“Şüur hər yerdədir, beyin isə antenadır” fikri yeni deyil və lap əvvəldə də qeyd etdiyimiz kimi bu məsələ qədim fəlsəfi problemlərdəndir. Təsadüfi deyil ki, bu yanaşma panpsixizm, dualizm və bəzi kvant şüur nəzəriyyələrinə qədər gedib çıxır.

Lakin Den Braunun sözü gedən mövzunu son romanında yenidən populyarlaşdırması hələ də elmi konsensus deyil, daha çox alternativ və ya spekulyativ ideya sayıla biləcək bu fikirin, yəni şüurun tamamilə beyindən kənarda yerləşdiyini irəli sürməyin gələcəkdə qətiyyən sübut olunmayacağı anlamını da daşımır. Unutmaq olmaz ki, bəzən bədii ideyalar gələcək elmi müzakirələrin qığılcımına çevrilir.

Chosen
3
2
kulis.az

3Sources