EN

Süni İntellektin Fatma Xala Problemi

"Deyirlər, süni intellekt dünyanı fəth edəcək. Amma görünür, Silikon Vadisinin mühəndisləri hələ bizim məhəllənin şüşəbəndindən keçməyiblər..."

Göy üzünün rəngi köhnə bir palto kimi ağarmışdı. Nə günəş tam çıxır, nə də yağışın yağmağa həvəsi var idi. Tam o boz, "ara mövsüm" havası idi. Əlimdəki son model planşeti - bəşər zəkasının "pik nöqtəsini" qoltuğuma vurub, elmi tərəqqinin "update" olunmuş fəxri ilə həyətə düşdüm. Məqsədim gələcəyin rəqəmsal dünyasını bizim "analoq" məhəlləyə təqdim etmək idi. Lakin binanın girişindəki şüşəbənddə əyləşib çiyninə qalın bir şal atan Fatma xalanın - o görünməz radarların mərkəzi prosessorunun  qarşısından keçərkən ayağım dayandı. Qarşısında badam dolu bir qab var idi, elə bil ilmə-ilmə məhəllənin sirlərini sındırırdı.

Yaxınlaşıb dedim:

Fatma xala, müjdə! Bəşəriyyət nəhayət ki, sənin rəqibini tapdı. Bax, bu cihazın içində "Süni İntellekt" adlı bir xəzinə var. Nə sorsan, saniyənin mində birində cavab verir. Sənin o məşhur "deyəsən, filankəsin evində dava var" ehtimallarına daha lüzum qalmadı. Bu aparat hər şeyi dəqiq, elmi və "beta" versiyasız deyir.

Fatma xala badamın qabığını elə bir kinayə ilə sındırdı ki, elə bil Bill Qeytsin bütün sərvətini bir qəpiyə saydı. Eynəyinin altından mənə "yazığın gəlsin bu cavana" baxışı atıb, o məşhur "user interface"ni - yəni qaşlarını çatdı:

Ay bala,  o dediyin "robot" bilirmi ki, dünən gecə saat 01:30-da bizim blokun qarşısına gələn o qara maşın kimin idi? Və içindən düşən o bığlı oğlan niyə binanın ətrafına iki dövrə vurduqdan sonra ayaqlarının ucunda bloka daxil oldu?

Mən dərhal barmaqlarımı "keyboard"da rəqs etdirdim: "Dünən gecə saat 01:30, qara maşın, binanın ətrafında iki dövrə vuran adam..."

Cihaz bir az "düşündü" və ekrana soyuqqanlı bir yazı gəldi: "Mən şəxsi həyata müdaxilə edə bilmərəm, həm də fiziki müşahidə imkanlarım məhduddur. Bu tip hərəkətlərin statistik analizi məlumat bazamda yoxdur..."

Fatma xala badamın içini mənə tərəf uzadıb elə güldü ki, deyəsən Silikon Vadisində zəlzələ oldu.

Bax, gördün? Sənin o robotun hələ "yuxu rejimi"ndədir. Amma mənim yaddaş kartım 80-ci illərdən bəri "full"dur. O maşındakı rəhmətlik Səməd kişinin nəvəsi idi. Binanın ətrafında ona görə iki dövrə vururdu ki, arvadının eyvanda olub-olmadığını yoxlayırdı. Çünki söz vermişdi ki, saat 12-də evdə olacaq, amma dostları ilə söhbəti uzanmışdı. Soruş görüm, o "intellektin" gecikən ərin ayaq uclarında evə girməsinin sosioloji qorxusunu analiz edə bilirmi?

Mən hələ də rəqəmsal dünyanı müdafiə etməyə çalışırdım:

Fatma xala, bu robot kainatın butun sirlərini bilir!

Fatma xala badam qabığını kənara qoyub hökmünü verdi:

Ay bala bunu bilməyə nə var? Sən ona de görüm, qabaqdakı binanın üçüncü mərtəbəsindəki gəlin niyə üç gündür eyvana paltar sərmir?  Küsülü gedib, yoxsa paltaryuyan maşını xarab olub? Bax, əsl kəşfiyyat budur!

Başa düşdüm ki, bizim məhəllədə Süni İntellekt hələ çox sadə bir proqramdır. Fatma xala isə çoxdan "5G" sürəti ilə, enerjini də yalnız bir stəkan pürrəngi çaydan alaraq, pərdənin bir millimetr tərpənişindən bütün ssenarini oxuyur.

Planşeti sakitcə qatlayıb çantama qoydum. Fatma xala isə şalını düzəldib son sözünü dedi:

Sənin o robotuna de ki, boş-boş bulud texnologiyalarını eşələməsin. Gəlsin mənim yanımda bir ay "staj" keçsin, ona öyrədim ki, gəlişindən-gedişindən adamın cibində nə olduğunu necə tapmaq olar. O vaxta qədər də mənə texnologiyadan dəm vurma.

Evə qalxanda anladım ki, bütün dünya "AI" (Süni İntellekt) dalınca qaçsa da, bizim Fatma xalanın "FI" (Fatma İntellekti) qarşısında hələ çox "update" olunmalıdır.

P.S. Son bir cəhdlə planşetin kamerasını Fatma xalaya tərəf çevirdim. Cihazın ekranında bunlar  göründü:

"Sistem həddindən artıq intellektlə qarşılaşdı. Təhlükəsizlik məqsədilə özümü format edirəm."

İlahə Allahverdiyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
olaylar.az

1Sources