EN

Masallı rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi » AzadMedia.az


26 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən növbəti vətəndaş qəbulu keçirilmişdir.

Qəbul zamanı vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

İlk müraciət Göyəçöl kənd sakini tərəfindən olmuşdur. Vətəndaş kənd ərazisində yerləşən tibb məntəqəsində işlə təmin olunması ilə bağlı müraciət etmişdir.

Digər müraciət Viləş kənd sakini tərəfindən səsləndirilmişdir. Vətəndaş oğluna məxsus minik avtomobili ilə bağlı tətbiq olunmuş cərimənin əsassız olduğunu bildirərək məsələnin araşdırılmasını xahiş etmişdir.

Növbəti müraciət Öncəqala kənd sakini tərəfindən olmuşdur. Vətəndaş bir müddət əvvəl yaşadığı həyətyanı sahənin su altında qalması ilə bağlı rayon rəhbərliyinə müraciət etmişdir. Müraciət əsasında rayon icra hakimiyyətinin başçısının tapşırığı ilə aidiyyəti qurumlar tərəfindən su kanalı açılmış və mövcud problem aradan qaldırılaraq məsələ öz həllini tapmışdır.

Vətəndaş göstərilən diqqət və operativ tədbirlərə görə İcra başçısı cənab Araz Əhmədova minnətdarlığını ifadə etmişdir.

Təklə inzibati ərazisində yaşayan Ləngan kənd sakini kirayə haqqının ödənilməsi ilə bağlı çətinlik çəkdiyini bildirərək sosial dəstək göstərilməsini xahiş etmişdir.

Sonuncu müraciət Masallı şəhər sakini tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Vətəndaş fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi əldə etmək istədiyini qeyd etmişdir.

Qəbul zamanı qaldırılan bütün müraciətlər qeydiyyata alınmış, bir qismi yerindəcə həllini tapmış, digər məsələlər isə qanunamüvafiq qaydada araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülmüşdür.
Chosen
18
1
azadmedia.az

2Sources