EN

“Röyaların Röyası” – çoxşaxəli istedada malik gənc ifaçının ilk solo konserti keçirilib

Fevralın 25-də Milli İncəsənət Muzeyində respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın “Röyaların Röyası” adlı ilk solo konserti baş tutub.

Herbiand.az">Herbiand.az xəbər verir ki, tədbirin aparıcısı gecəni açıq elan edərək 6 yaşından səhnələrdə olan, respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın 15 illik yaradıcılıq fəaliyyətinin yeni mərhələsinin – ilk solo konsertinin canlı izləyicisi olacaqlarını bildirdi. Qeyd etdi ki, gecənin daha bir əlamətdar məqamı isə konsertin ifaçının ad gününə təsadüf etməsidir. Çıxış zamanı bildirildi ki, sənətçi 21 yaşını məhz tamaşaçılarla birlikdə qeyd edir.

Xatırladaq ki, 2005-ci il fevralın 25-də Bakıda anadan olan gənc ifaçı erkən yaşlarından musiqi sahəsində seçilib. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında alıb, skripka və fortepiano üzrə çoxsaylı konsertlərdə çıxış edib. O, Gimnaziyanın kamera orkestrinin birinci skripka ifaçısı olmaqla yanaşı, vokal və xor kollektivlərində də fəaliyyət göstərib.

R.Əliyeva Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya və Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq müsabiqələrdə Qran-pri və birinciliklər qazanıb, müxtəlif rəsmi və mədəni tədbirlərdə çıxış edib.

2025-ci ildə Azərbaycanda opera sənətinin inkişafı və təbliğ edilməsində xüsusi xidmətləri olmuş Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə II Beynəlxalq Opera Festivalı keçirilmişdir. Bu Fetivalda Röya Əliyeva  iştirak edərək, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Telli obrazı ilə uğurlu səhnə çıxışı etmişdir. Hazırda Bakı Musiqi Akademiyasının instrumental ifaçılıq ixtisası üzrə IV kurs tələbəsidir. Eyni zamanda o, Fidan Hacıyevanın vokal musiqi məktəbində Əməkdar artist Fərid Əliyevdən vokal dərsləri alır

R.Əliyevanın ifasında retro musiqilərdən ibarət proqram dinləyicilərə nostalji dolu, canlı ifalarla zəngin unudulmaz bir axşam yaşatdı. Həm pianoda ifa edərək oxumaq, həm skripka ifası, həm də opera ifası ilə tamaşaçıları sanki fərqli dövrlərə qaytardı, xatirələrini yenidən canlanırdı. Hər mahnı müəyyən bir zamanın ovqatını, insanların hisslərini və o dövrün mədəni ruhunu yaşadırdı. Bu isə konserti adi musiqi proqramından daha dərin məna daşıyan bədii hadisəyə çevirdi. Beləliklə, retro musiqilərin yenidən səslənməsi keçmişin dəyərlərini qorumaqla yanaşı, onları yeni nəslə çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır.

Röya Əliyevanın retro musiqilərdən ibarət ilk solo konserti bir daha göstərdi ki, həqiqi sənət zamanın hüdudlarını aşır və insan ruhuna toxunmağı hər dövrdə bacarır. Retro melodiyaların sehrli dünyası isə dinləyicilərin yaddaşında uzun müddət yaşayacaq.

 

 

 

Chosen
6
herbiand.az

1Sources