Ötən mövsüm də turnir ləğvoluna bilərdi. Lakin “Neftçi” ilə “Qarabağ” bu ideyanın əleyhinə çıxdığına görə saxlanılmışdı. Bəs əvəzedicilər liqasının qalmasının üstünlükləri nələrdi? Başqa klublar niyə turnirin qalmasını istəmir?
Bu sualları “Neftçi”nin əvəzedicilərinin çalışdırıcısı Rəşad Abdullayevə ünvanladıq:
“Həmişə əvəzedicilər liqasının olmasının lehinə olmuşam. Neçə illərdi “Neftçi”nin ikinci komandasında çalışıram. Biz və “Qarabağ” həmişə istəmişik ki, əvəzedicilər liqası qalsın. Biz futbolçu olan dövrlərə də baxın, görün ki, əvəzedici komandadan nə qədər futbolçu çıxıb. Hazırda nə qədər premyer-liqada oynayan yaşlı futbolçu var ki, gözümüzün qabağında büxtələşiblər. Yerli oyunçuların sayına baxın. Biz onları itirə bilərik. Kimlərsə düşünür ki, bu futbolçular 1-ci, 2-ci liqada, ya da əsas komandada oynaya bilər - xeyr. Bu reallıq deyil. Hər komandada 20-22 futbolçu var. Hesablayın, görün nə qədər futbolçu itirəcəyik. Futbolumuzun reallığıdı ki, U-19-dan əsas komandaya futbolçular getmir. Bu əsas komandanın inkişafına da zərər vura bilər. Biz - “Neftçi” olaraq, əsas komanda ilə daimi əlaqədəyik. Nə qədər futbolçu ordan bura gəlir. Biz əsas komandaya futbolçu göndəririk, məşq edirlər. Nə qədər futbolçumuz var ki, digər klubların da əsas komandalarında iştirak edirlər. Əvəzedicilər liqasının ləğvi futbol adına böyük minus ola bilər. Bunu Azərbaycan futbolunun inkişafı üçün deyirəm. Biz məşqçiləri də itirə bilərik, futbolçuları da. Liqanın qalması yaxşı olardı. Çünki əvəzedici komandalar əsas komandaya da fayda verir. Əsas komandada olan futbolçulardan zədələlənlər olanda oyun praktikasına görə gəlib əvəzedici heyətdə oynayır. Gedib U-19 komandasında oynaya bilməz axı. Bu liqada həm futbolçular, həm də məşqçilər yetişir”.
MÜZƏFFƏR QULUZADƏ