Musavat.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin nüvə doktrinasında inqilabi yeniliklər etməyə hazırlaşır.
"Reuters" agentliyinin məlumatına görə, Makron bu bazar ertəsi Fransanın yeni nüvə strateji sənədini təqdim edəcək.
Makronun bu addımı ABŞ-ın Avropaya verdiyi təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı yaranan şübhələr fonunda xüsusi əhəmiyyət kəsb edir. Fransanın nüvə sualtı qayıqlarının yerləşdiyi Bretandakı hərbi bazada çıxış edəcək prezident, Parisin avropalı müttəfiqlərinə konkret nələr təklif edə biləcəyini açıqlayacaq. Bu, faktiki olaraq Fransanın öz nüvə imkanlarını bütün Avropanın ixtiyarına verməsi deməkdir.
Yenilənmiş doktrinaya görə, Fransanın mövqeyi minimum, lakin son dərəcə etibarlı nüvə arsenalını qoruyub saxlamaqdır. Bu arsenal hər hansı düşmənin ilk zərbəsinin qarşısını almaq üçün ona bərpası mümkün olmayan ağır itkilər yetirmək gücünə malikdir. Makron vurğulayacaq ki, Fransanın "həyati maraqları" artıq təkcə öz sərhədləri ilə məhdudlaşmır, həm də bütün Avropa İttifaqının təhlükəsizliyini əhatə edir.
Qeyd edək ki, Fransada nüvə doktrinasının yenilənməsi ənənəvi olaraq hər prezidentlik müddətində bir dəfə baş verir. Lakin hazırkı geosiyasi vəziyyət - Ukraynadakı müharibə və Vaşinqtondakı siyasi qeyri-müəyyənlik Makronun bu çıxışını son onilliklərin ən mühüm hərbi bəyanatına çevirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31