Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ötən gecə həyata keçirdiyi genişmiqyaslı hava hücumunun təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, ölkənin səkkiz bölgəsində dağıntılar qeydə alınıb, onlarla insan, o cümlədən uşaqlar yaralanıb.
Vətəninfo.az xəbər verir ki, dövlət başçısı bildirib ki, Rusiya Ukraynaya ümumilikdə 420 pilotsuz uçuş aparatı və müxtəlif tipli 39 raket atıb. Raketlərdən 11-i ballistik olub. Hücum nəticəsində bir sıra özəl və çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib.
Zelenski qeyd edib ki, atılan raketlərin böyük hissəsi beynəlxalq tərəfdaşların dəstəyi ilə hava hücumundan müdafiə sistemlərinin operativ şəkildə yerləşdirilməsi sayəsində zərərsizləşdirilib. Bununla belə, bəzi zərbələrin qarşısını almaq mümkün olmayıb.
Prezidentin sözlərinə görə, Rusiya qüvvələri Poltava vilayətində qaz infrastrukturunu, Kiyev və Dnepr bölgələrində isə elektrik yarımstansiyalarını hədəfə alıb. Xilasedicilər Çerniqov vilayəti, Zaporojye, Xarkov, Kirovoqrad vilayəti, Vinnitsa vilayəti və Kiyev bölgəsində, eləcə də paytaxtın özündə çalışıblar.
“Bu o deməkdir ki, daha fəal işləməliyik. Soyuq hava hələ tam çəkilməyib və Rusiya enerji sektorumuza zərbə vurmağa çalışdığı bir vaxtda hava hücumundan müdafiə raketlərinə hər gün ehtiyac var”, – deyə Zelenski vurğulayıb.
Məlumata görə, gecə saat 03:00 radələrində ölkə üzrə genişmiqyaslı hava həyəcanı elan olunub. Krivoy Roqda baş verən hücum nəticəsində bir kişi və bir qadın yaralanaraq xəstəxanaya yerləşdirilib. Şəhərdə avtomobil yanıb, çoxmərtəbəli bina və yanğın-xilasetmə məntəqəsi zərər görüb.
Paytaxt Kiyevin Peçersk rayonunda ikimərtəbəli fərdi evdə yanğın baş verib, Darnitsa rayonunda isə doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib.
Zaporojyedə düşmən hücumları nəticəsində fərdi ev, çoxmərtəbəli bina və iki ticarət mərkəzi zərər görüb.