Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir".