EN

İngiltərə "Reddit"i 19,5 milyon dollar cərimələdi

İngiltərə "Reddit"i 19,5 milyon dollar cərimələdi

İngiltərə İnformasiya Komissarlığı Ofisi (ICO) uşaqların şəxsi məlumatlarını düzgün idarə etmədiyi səbəbi ilə "Reddit" sosial şəbəkəsinə təxminən 19,5 milyon dollar məbləğində cərimə edib.

AFN.az xəbər verir ki, bu qərar İngiltərədə yetkinlik yaşına çatmayanlarla bağlı qayda pozuntularına görə verilən ən böyük cərimələrdən biri kimi tarixə düşüb.

Qərarda qeyd olunub ki, platformanın gənc istifadəçiləri qorumaq və onların uyğunsuz məzmunlarla qarşılaşmasının qarşısını almaq imkanlarında ciddi boşluqlar mövcuddur. İnformasiya komissarı Con Edvards bildirib ki, 13 yaşından kiçik uşaqların şəxsi məlumatları onların başa düşmədiyi, razılıq vermədiyi və ya nəzarət edə bilmədiyi şəkildə toplanaraq istifadə edilib.

ICO xüsusilə "Reddit"in 2025-ci ilin iyul ayına qədər olan dövrdə güclü bir yaş təsdiqləmə sisteminə sahib olmamasını sərt tənqid edib. Mövcud olan və yalnız istifadəçilərin öz yaşlarını bəyan etməsinə əsaslanan sistemin yetkinlik yaşına çatmayanların böyüklər üçün nəzərdə tutulan məzmunlara girişini əngəlləməkdə yetərsiz qaldığı vurğulanıb.

Tənzimləyici qurumların təzyiqlərindən sonra "Reddit" 2025-ci ilin iyulunda yeni yaş təsdiqləmə tədbirlərini işə salsa da, ICO bu sistemin də asanlıqla yan keçilə biləcəyini qeyd edib. "Reddit" rəhbərliyi isə istifadəçi məxfiliyinə sadiq olduqlarını vurğulayaraq cərimə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Bundan əlavə, "Reddit" iddia edir ki, ICO-nun əlavə şəxsi məlumatların toplanması ilə bağlı tələbi şirkətin gizlilik prinsipləri ilə ziddiyyət təşkil edir. İnternet dünyasında süni intellekt vasitəsilə istehsal olunan zərərli məzmunların artdığı bir dövrdə platformaların yetkinlik yaşına çatmayanları qorumaq öhdəliyi ilə bağlı müzakirələr beynəlxalq səviyyədə davam etməkdədir.

Chosen
11
afn.az

1Sources