EN

"Xocalı kimi cinayətlərə biganə yanaşma yeni humanitar fəlakətlər üçün risk mühiti yaradır" - Deputat

"Xocalı soyqırımı Azərbaycan xalqına qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olmaqla yanaşı, XX əsrin sonunda beynəlxalq hüquq sisteminin və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəliliyini sual altına alan faciələrdən biri kimi tarixə düşdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən hücum nəticəsində dinc və silahsız əhali xüsusi qəddarlıqla qətlə yetirildi, şəhər tamamilə dağıdıldı, insanlıq ləyaqəti tapdalndı. Bu hadisə hərbi əməliyyat çərçivəsini aşaraq müəyyən etnik qrupa mənsub əhalinin sistemli şəkildə məhv edilməsinə yönəlmiş siyasətin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Xocalı yalnız Azərbaycanın ağrısı deyil, bəşəriyyətin vicdanında sağalmayan yaradır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Rövşən Muradov bildirdi.

O əlavə etdi ki, faciənin miqyası və xarakteri onun soyqırımı mahiyyəti daşıdığını sübut edən çoxsaylı faktlarla təsdiqlənir:

"Rəsmi statistikaya əsasən, 613 nəfər öldürülüb, onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, yüzlərlə insan yaralanıb, minlərlə sakin girov götürülüb və işgəncələrə məruz qalıb.  Xocalı soyqırımı ilə bağlı həqiqətlərin obyektiv araşdırılması göstərir ki, burada baş verənlər sırf hərbi zərurətlə izah edilə bilməz. Hücumun istiqaməti, mülki əhalinin qaçış yollarının faktiki bağlanması, dinc sakinlərin məqsədli şəkildə izlənərək məhv edilməsi əməliyyatın əvvəlcədən düşünülmüş xarakter daşıdığını nümayiş etdirir. Bu xüsusiyyətlər soyqırımı cinayətinin əsas elementlərindən biri olan niyyət faktorunu ön plana çıxarır. 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın II maddəsinə görə milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən əməllər soyqırımı hesab olunur. Xocalıda mülki azərbaycanlıların yalnız etnik mənsubiyyətinə görə hədəfə alınması bu təriflə birbaşa səsləşir.

Bundan əlavə, 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokolları silahlı münaqişələr zamanı mülki əhalinin qorunmasını beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edir. Mülki şəxslərin qəsdən öldürülməsi, işgəncəyə məruz qoyulması, ləyaqətinin alçaldılması həmin sənədlərdə qadağan edilmiş ağır pozuntular sırasındadır. Xocalıda baş verənlər isə bu normaların sistemli şəkildə tapdanması idi. Bu baxımdan faciənin hüquqi qiymətləndirilməsi təkcə tarixi və mənəvi deyil, eyni zamanda normativ məsələdir. Xocalıya hücumun arxasında dayanan əsas məqsəd bölgədə etnik təmizləmə aparmaq, azərbaycanlı əhalini qorxu və vahimə içində öz torpaqlarından didərgin salmaq idi. Məhz bu siyasət sonrakı mərhələlərdə geniş miqyas alaraq yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. Xocalı faciəsi regionun demoqrafik strukturunun zorla dəyişdirilməsi planının ən qanlı səhifəsi kimi yadda qaldı".

Millət vəkili vurğuladı ki, hadisələrin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılması uzun illər ərzində Azərbaycan dövlətinin əsas prioritetlərindən biri oldu:

"Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalıya ilk dəfə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı. Milli Məclis tərəfindən qəbul edilən qərarlar, aparılan diplomatik fəaliyyət, xarici auditoriyaya yönəlmiş məlumatlandırma işi faciənin dünya miqyasında tanınması üçün əsaslı zəmin yaratdı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi, informasiya diplomatiyası yeni mərhələyə qədəm qoydu. Müasir dövrdə Azərbaycan Prezidentinin mövqeyi birmənalıdır: Xocalı soyqırımı unudula bilməz və unutdurulmayacaq. Dövlət başçısı müxtəlif beynəlxalq tribunalardan çıxış edərək bu cinayətin mahiyyətini dünya ictimaiyyətinə çatdırıb, tarixi ədalətin təmin edilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin siyasi xəttində həm həqiqətlərin müdafiəsi, həm də regionda davamlı sülhün qurulması paralel şəkildə aparılır. Bu yanaşma milli dövlətçilik konsepsiyasının məntiqi davamıdır; ədalətin bərpası tələbi ilə paralel olaraq uzunmüddətli sabitlik və konstruktiv əməkdaşlıq modelinin təşviqini nəzərdə tutur. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə yeni geosiyasi reallıqlar formalaşdırdı. Ərazi bütövlüyünün və suverenliyin bərpası uzun illər ədalət gözləyən xalq üçün tarixi dönüş nöqtəsi oldu. Bu qələbə həm də Xocalı qurbanlarının ruhuna ehtiramın təcəssümü kimi dəyərləndirilir. İşğaldan azad olunmuş torpaqlarda aparılan geniş bərpa və quruculuq işləri, həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətin strateji iradəsinin və humanist siyasətinin göstəricisidir".

R.Muradovun fikrincə, Xocalı soyqırımının ildönümü təkcə matəm günü deyil, həm də milli birliyin, dövlətə və orduya inamın nümayişidir.

"Azərbaycan cəmiyyəti bu faciədən keçərək daha da möhkəmlənib, sarsılmaz iradə ortaya qoyub. Bu iradə nəticəsində torpaqlar işğaldan azad edilib, suverenlik bərpa olunmuş, regionda yeni inkişaf mərhələsinin təməli qoyulub. Tarixi ədalətin tam bərqərar olması üçün həqiqətlərin qəbul edilməsi prosesi davam etməlidir. Beynəlxalq ictimaiyyət dərk etməlidir ki, Xocalı kimi cinayətlərə biganə yanaşma beynəlxalq hüququn preventiv mahiyyətini zəiflədir və yeni humanitar fəlakətlər üçün risk mühiti yaradır. Buna görə də bu faciənin tanınması qlobal ədalət sisteminin möhkəmləndirilməsinə xidmət edir. Tarixi yaddaşın qorunması milli təhlükəsizlik məsələsidir. Xocalı haqqında həqiqətləri bilməyən nəsil gələcəkdə eyni təhlükələrlə üzləşə bilər. Buna görə də təhsil proqramlarında, elmi tədqiqatlarda, mədəni layihələrdə bu mövzunun geniş yer alması strateji əhəmiyyət daşıyır. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq. Onların taleyi Azərbaycan dövlətinin yaddaş siyasətində xüsusi yer tutur və bu siyasət gələcək nəsillərin milli kimliyinin formalaşmasında mühüm rol oynayacaq. Ən böyük məqsəd isə belə faciələrin bir daha təkrarlanmamasıdır. Bunun yolu həqiqəti qorumaqdan, ədaləti tələb etməkdən və sülhə aparan məsuliyyətli siyasəti davam etdirməkdən keçir", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Chosen
19
1
redaktor.az

2Sources