EN

"Azərbaycan geri çəkilmir, mövqeyini dəyişmir" - Deputatdan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

"AZAL təyyarəsi ilə bağlı məsələ Azərbaycan üçün təkcə texniki və ya hüquqi məsələ deyil, həm də dövlətin ləyaqəti, vətəndaşların təhlükəsizliyi ilə bağlı prinsipial mövqedir. Rəsmi Bakının mövqeyi bu gün də, bundan əvvəl də birmənalı olub və ən ali səviyyədə qarşı tərəfə açıq şəkildə çatdırılıb. Xarici işlər nazirinin də qeyd etdiyi kimi, bu məsələdə Rusiyadan konkret və ardıcıl addımlar gözlənilir".

Bu fikirləri Redaktor.az-a xarici işlər naziri Ceyhun Bayramovun bu gün jurnalistlərə AZAL təyyarəsi ilə bağlı verdiyi açıqlamanı şərh edən deputat Razi Nurullayev dedi.

O bildirdi ki, bu məsələnin həll olunacağına inanır:

"Çünki ortada emosional iddialar yox, beynəlxalq hüquqa, aviasiya təhlükəsizliyi qaydalarına və dövlətlərarası münasibətlərin normal praktikasına söykənən tələblər var. Azərbaycan mövqeyini qapalı kanallarla da, açıq diplomatik müstəvidə də ortaya qoyub və bu mövqe yetərincə əsaslandırılıb. Eyni zamanda başa düşmək lazımdır ki, bu tip məsələlər bir günün içində həll olunan mövzular deyil. Diplomatiya səbir, ardıcıllıq və təzyiq alətlərinin düzgün balansını tələb edir. Əsas olan odur ki, Azərbaycan geri çəkilmir, mövqeyini dəyişmir və məsələni gündəmdə saxlayır. Bu isə qarşı tərəfi addım atmağa məcbur edən əsas faktorlardan biridir. Hesab edirəm ki, problemin hüquqi və siyasi müstəvidə ədalətli həlli mümkündür və bu istiqamətdə atılan addımlar nəticə verəcək. Azərbaycanın məqsədi münasibətləri gərginləşdirmək yox, yaranmış problemin beynəlxalq normalara uyğun şəkildə həllinə nail olmaqdır".

Nuriyyə NATİQQIZI

Chosen
12
1
redaktor.az

2Sources