Xəbər verdiyimiz kimi, Cenevrədə İranla ABŞ arasında danışıqlar başlayıb.
“Müxtəlif media mənbələri bu raundu çox vacib, taleyüklü hesab edir və son imkanların diplomatiya vasitəsilə istifadə olunacağına inanırlar”, – deyə İran mediasının yaydığı məlumatda qeyd edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.
Görüş İranın nüvə sənədinə həsr olunub.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Bakir Həsənbəyli bildirib ki, XXI əsrdə əksər münaqişələrin həll variantı məhz siyasi qərarlardan keçir:
“Bu, Rusiya–Ukrayna müharibəsində də, ABŞ ilə İran arasındakı nüvə proqramı və digər məsələlərdə də belədir – nəticə yalnız siyasi qərarlar kontekstində olacaq. ABŞ–İran arasında keçirilən danışıqlarda əsas diqqət Tehranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması, ballistik raket istehsalının və zərbə məsafəsinin azaldılması, teokratik rejimin proksi qüvvələrlə əlaqələrinin sıfırlanması və rejimdaxili islahatlara yönəlib.
Lakin rəsmi Tehran danışıqlar öncəsi dördüncü bəndi – rejimdaxili islahatları özünün qırmızı xətti elan etməsinə baxmayaraq, prosesdə uranın zənginləşdirilməsi də daxil olmaqla digər üç bəndi də toxunulmaz mövqe kimi təqdim etdi. ABŞ tərəfi müzakirələr öncəsi dördüncü bənd üzərində hər hansı prinsipial mövqe nümayiş etdirməkdə maraqlı deyildi. Çünki İran rejiminin daxili auditoriyası ilə davranışı mövcud qlobal siyasətdə prioritet kimi qəbul olunmur. Bu tələb daha çox beynəlxalq ictimaiyyət üçün fikir yayındırıcı xarakter daşıyırdı. Qarşı tərəfin bütün dörd tələbi qırmızı xətt elan etməsindən dərhal sonra ABŞ dördüncü – rejimdaxili islahatlar məsələsini birinci bənd kimi önə çıxardığını bəyan etdi.
ABŞ Prezidenti Donald Trampın “İran üçün ən doğru nəticə rejim dəyişikliyidir” məzmunlu mesajlarından sonra Tehran öz siyasi ritorikasını dəyişmək məcburiyyətində qaldı”.
Politoloq qeyd edib ki, hazırkı danışıqlar formal olaraq yenə nəticəsiz görünəcək, lakin bu, tərəflərin ortaq nöqtə tapa bilmədiyi anlamına gəlmir:
“Əksinə, tərəflər siyasətdə “maksimum tələb et ki, minimuma nail olasan” prinsipini yaxşı bildikləri üçün Tehran ABŞ-dən nəticə etibarilə nə istədiyini bilir. Vaşinqton isə sonda İrandan nəyi və hansı həcmdə ala biləcəyini artıq müəyyənləşdirib.
Belə olan halda sual yaranır: bəs bu razılaşma niyə dərhal rəsmiləşmir?
Şübhəsiz ki, bu məsələdə hər iki dövlət beynəlxalq ictimaiyyəti və daxili auditoriyanı nəzərə alır.
ABŞ İrandan qismən əldə etdiyi güzəşti böyük nailiyyət kimi təqdim etmək, Tehran isə Vaşinqtona etdiyi güzəşti dünyanın supergücünü məğlub edərək əldə olunmuş nəticə kimi göstərmək istəyir. Hakimiyyətlərin ən böyük problemi məhz daxili auditoriyadır. Bu, idarəetmə prinsipindən asılı olmayaraq belədir.
Bütün bu amilləri nəzərə alaraq demək olar ki, ABŞ–İran danışıqlarının bu raundu da ‘konstruktiv’ keçəcək və ‘dialoqun davam etdirilməsi’ barədə razılıq əldə olunacaq. Konkret nəticə isə hələ bir neçə raunddan sonra ortaya çıxacaq.”
Atilla Rzasoy