EN

Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik

BAKI, 26 fevral. TELEQRAF

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaydan 100 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamı ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının bu gün qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açır.

Qurultayın tarixi dərslərinin öyrənilməsi, ənənələrinin yaşadılması və yeni nəsillərə çatdırılması müasir dövr üçün aktualdır. Dövlətimizin başçısının Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində, Elm və Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında geniş tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir.

Teleqraf xəbər verir ki, fevralın 27-28-də Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bakı şəhəri XX əsrin əvvəllərindən elmi mərkəz kimi tanınıb

Yüz il əvvəl də Birinci Türkoloji Qurultay fevralın 26-dan martın 6-dək İstiqlaliyyət küçəsində - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin indiki binasında həmin Böyük Akt Zalında keçirilib. “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda qeyd edildiyi kimi, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.

Təəssüf ki, Qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalıb. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırıb, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırıb.

Birinci Türkoloji Qurultayın əsas elmi ideyaları və qəbul olunan qərarlar

Birinci Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya respublikaları, Gürcüstan, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Altay Muxtar respublikalarından, Yakutiyadan 131 nəfər görkəmli dilçi, ədəbiyyatçı, tarixçi, etnoqraf alimlər, tanınmış şair və yazıçılar iştirak ediblər. Bu mühüm tədbir çərçivəsində 17 iclas keçirilib. İclaslarda Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə təqdim olunub. Qurultayda ortaq tarix, ədəbiyyat, terminologiya, orfoqrafiya, etnoqrafiya məsələləri müzakirə olunub, türkologiya elminin əsasları yaradılıb.

Birinci Türkoloji Qurultay 1926-cı il fevralın 29-da türk xalqlarının vahid latın əlifbasına keçməsinə dair tarixi qərar qəbul edib. Bundan başqa, imla-orfoqrafiya problemi, termin məsələsi, tədris-metodika məsələsi, qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri, türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi, Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Qurultay ideyalarının müasir dövrdə aktuallığı

Birinci Türkoloji Qurultay Azərbaycanın və bütövlükdə Türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsidir. Yüz il əvvəl keçirilmiş Qurultayın ideyalarının bu gün aktual olması təsadüfi deyil. Azərbaycan Prezidentinin Sərəncamında vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılıb. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Xatırladaq ki, bu Qurultayın 80, 90 illik yubileyləri də Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən yüksək səviyyədə qeyd olunub.

Müasir türkoloji istiqamətlər

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi gənc türkoloqların qarşısında da yeni istiqamətlər yaradır. Türk dillərinin ümumi tarixi, quruluşu bu gün yeni üsullarla araşdırıla bilər, müasir texnologiyalar türkologiyaya tətbiq edilə bilər. Gənclər süni intellekt vasitəsilə türk dilləri korpuslarını yarada bilərlər.

Ortaq türk əlifbası əsasında hazırlanmış ilk poeziya antologiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası əsasında hazırlanmış ilk poeziya antologiyası nəşr olunub. “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı antologiyada Azərbaycan və Türk dünyası arasında tarixi və müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib. Nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır.

Chosen
2
2
teleqraf.com

3Sources