EN

Ukrayna üçün yeni təhlükə - Çin və Almaniya "bərabər iştirak" təşəbbüsü qaldırdi...



Fridrix Merz Çinə ilk rəsmi səfəri çərçivəsində Pekində Çin şirkətlərini Almaniya iqtisadiyyatına investisiyaları artırmağa çağırıb. O, eyni zamanda Pekindən bazardakı qeyri-bərabər şərtlərin aradan qaldırılmasını tələb edib. Merz bildirib ki, Almaniya Çinlə iqtisadi əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Çin ötən il Almaniyanın ən böyük ticarət tərəfdaşı olub.

Çin Xalq Respublikasının sədri Xi Jinping Merzin əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövqeyini müsbət qarşılayıb. Si vurğulayıb ki, dünya daha qeyri-sabit və qarşılıqlı asılı olduqca Çin və Almaniya strateji kommunikasiya və qarşılıqlı etimadı gücləndirməlidir.

Səfər çərçivəsində Merz Çin Dövlət Şurasının Baş naziri Li Qiang ilə də görüşüb. O bildirib ki, Berlin əməkdaşlığın daha ədalətli və balanslı olmasını istəyir. Almaniya uzun müddətdir ki, yuanın aşağı məzənnəsi, bazarı təhrif edən subsidiyalar və Çin ixracatçılarının artıq istehsal gücü səbəbindən artan ticarət balanssızlığından narahatdır.

Merz həmçinin pandemiya və Almaniyada hökumət dəyişikliyindən sonra dayandırılmış Almaniya-Çin hökumətlərarası məsləhətləşmələrin bərpasına çağırıb. Si Cinpin isə Almaniyanın Çinlə münasibətlərə önəm verdiyini qeyd edərək, iki ölkənin azad ticarətin müdafiəçiləri və etibarlı tərəfdaşlar kimi çıxış etməli olduqlarını bildirib.

Çin Rusiyanın müttəfiqidir, Almaniya isə məlum olduğu kimi Rusiya ilə qarşı cəbhədə dayanmaq məcburiyyətindədir. Hər iki ölkənin bu cür yaxınlaşması, hələ perspektivdə də daha çox yaxınlaşmanı hədəflədiyini göstərir. Maraqlıdır, Çinlə Almaniya arasında bu cür əməkdaşlıq son nəticədə Almaniyanın Ukrayna məsələsində European Uniondən ayrılmasına gətirib çıxara və ya Almaniyanın Ukrayna məsələsinə mövqeyini dəyişdirə bilərmi?

Friedrix Merzin Çinə səfəri və Pekində Xi Jinping və Li Qiang ilə görüşləri Berlinin iqtisadi maraqlarının prioritet olaraq qaldığını göstərir. Almaniya üçün Çin həm ixrac bazarı, həm də sənaye üçün vacib təchizat zənciridir. Bu baxımdan iqtisadi əlaqələrin dərinləşdirilməsi praqmatik addım kimi görünür. Lakin bu, avtomatik olaraq Almaniyanın Ukrayna məsələsində mövqeyini dəyişəcəyi anlamına gəlmir.

Almaniyanın xarici siyasəti təkcə ikitərəfli iqtisadi münasibətlərlə müəyyən olunmur. Berlin eyni zamanda Avropa Birliyi və NATO çərçivəsində kollektiv qərar mexanizmlərinin bir hissəsidir. Ukrayna ilə bağlı siyasət isə əsasən bu platformalarda formalaşır. Almaniyanın Rusiyaya qarşı sanksiyalarda və Ukraynaya dəstək məsələsində indiyə qədər tutduğu mövqe transatlantik və Avropa təhlükəsizlik arxitekturası ilə sıx bağlıdır.

Çin Rusiyanın strateji tərəfdaşı olsa da, Pekin Avropa ilə iqtisadi əlaqələri də qorumağa çalışır və açıq şəkildə Almaniyanı Ukrayna mövzusunda mövqeyini dəyişməyə çağırmır. Çin-Almaniya iqtisadi yaxınlaşması Berlinin Pekinlə dialoqu genişləndirməsi deməkdir, lakin bu, Almaniyanın Avropa Birliyindən uzaqlaşması və ya Ukrayna siyasətində kəskin dönüş etməsi üçün kifayət qədər əsas yaratmır.

Real gözlənti ondan ibarətdir ki, Almaniya paralel siyasət yürütməyə çalışacaq: bir tərəfdən Çinlə iqtisadi əməkdaşlığı davam etdirmək, digər tərəfdən isə Avropa Birliyi çərçivəsində Ukraynaya dəstək xəttini qorumaq. Berlin üçün əsas məqsəd iqtisadi maraqlarla təhlükəsizlik və siyasi öhdəliklər arasında balans yaratmaqdır. Bu balansın tamamilə pozulması, yəni Almaniyanın Ukrayna məsələsində Avropa Birliyindən ayrılması ehtimalı hazırkı geosiyasi və institusional reallıqlar fonunda aşağı görünür.

Adətən Çin də iqtisadi tərəfdaşına siyasi təzyiq göstərmək cəhdlərindən uzaq durmağa çalışır, iqtisadi maraqlarını siyasi maraqlara qurban vermir. Bu kontekstdən yanaşdıqda, Çinin Almaniya kimi bir dövlətin geosiyasi siyasət vektorunu dəyişməyə cəhd göstərməsi real görünmür. Hər iki tərəfi qarşılıqlı iqtisadi maraqlar çərçivəsində əldə edilən dividendlər kifayətləndirəcək.

Akif NƏSİRLİ

Chosen
10
baki-xeber.com

1Sources