EN

“Yatan təkcə alimlər, akademiklər, “ziyalı” adlananlar deyil, bütün millət və xalqın özüdür ki...”

“Xalq və millət oyaq və ayıq olsa, onun nə alimi, nə də deputatı əsla mürgü vurmaz...”
 
“Ramiz Mehdiyevin akademikliyinə son qoyulmasından vacib Azərbaycan elminin və akademik cameənun düşdüyü indiki ağır durumdur...”
 
“Prezidenti İsa Həbibbəyli olan ali elm ocağından umacağımız nə ola bilər?!.
 
“25 fevralda AMEA-nın ümumi yığıncağında iştirakçıların bəzilərinin yuxulaması, mürgüləməsi cəmiyyətdə fərqli yozumlara yol açdı. Əslində müzakirələr alimlərin yuxulamasından daha çox toxunulan aktual məsələlərə fokuslanmalı idi. Ramiz Mehdiyevin akademikliyinə son qoyulmasından vacib Azərbaycan elminin və akademik cameənun düşdüyü indiki ağır durumdur. Düzdü, sabiq PA  rəhbərinin elmi adından mərhum edilməsi məsələsi nədənsə gündəlikdən çıxarılmışdı. Halbuki bu, sadə prosedurlarla həll oluna biləcək bir haldır. Heç olmasa, sual verilməli idi ki, nədən Azərbaycan elmi tənəzzül edir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov səsləndirib. 
 
“Akademiyanın hazırkı prezidenti İsa Həbibbəylinin çıxışından bir daha məlum olur ki, Azərbaycan alimləri  yüksək titullu və nüfuzlü elmi nəşrlərdə çap oluna bilmirlər. Başqa sözlə, onların tədqiqatları və araşdırmaları Biləcəridən o tərəfə keçmir. Halbuki bir dövlətin gücü və millət nüfuzu həm də onun elminə bağlıdır. Müasir dünyada elm və texnologiya ən sürətli inkişaf mərhələsindədir, süni zəka qapını döyür, Azərbaycan elmində isə inkişaf, tərəqqi əvəzinə, neqativ hallar daha da dərinləşməkdədir. Bir vaxtlar Azərbaycan elmi dünya elminə böyük töhfələr verib, alimlərimiz uğurlu kəşfləri ilə tanınırdılar. Bu gün isə dünya çapına çıxacaq məqalələrin, tədqiqatların olmamasından gileylənirlər. Bu, bir xalq üçün mənəvi  faciədir. Cəmiyyət, media Azərbaycan elmini, Azərbaycan təhsilini böhran duruma salanları, bu mühiti yetişdirənləri məşhər ayağına çəkməlidir”, - deyə davamında həmsöhbətimiz nəzərə çatdırıb. 
 
“Təəssüf doğuran həm də odur ki, elmi adlar alanların 90 faizi ömrünü elmə həsr etmək üçün deyil, imic, şan-şöhrət üçün alır; desinlər ki, filankəs alimdir, adının qarşısına elmlər doktoru titulu yazılsın. Müdafiə edilən dissertasiyaların və monoqrafiyaların çoxu da köçürülmə, tərcümə yaxud da plagiatdir. Parlamentdə mürgü vuran, rahat kresloda yayxanıb yatan hər cür komforta malik yüksək təminatlı və maaşlı alim deputatların heç adını çəkən yoxdur.  Səyavuş Novruzovun, Elman Nəsirovun və adlarını çəkmək istəmədiklərim alimlərin, elmlər doktorlarının yetişdirdiyi Elmlər Akademiyasından bundan artıq nə gözləyə bilərik?! Yaxud prezidenti İsa Həbibbəyli olan ali elm ocağından umacağımız nə ola bilər?!  Həyatını elmə həsr  edən barmaqla sayılacaq  bir necə  qocaman alimin iclasda mürgü vurmasına görə hamılıqla onun yaxasından yapışılır.  Təbii ki onların da bu və ya digər şəkildə məsuliyyətləri var. Çünki Elmlər Akademiyasında, elm, təhsil sahəsində yaşanan neqativlərə, haqsızlıqlara, özbaşınalıqlara, dövlətin büdcəsini talan edən məmurların fəaliyyətinə,  xalqın gələcəyinə vurulan zərbələrə susqunluq nümayiş etdiriblər. Elmi məqalə monoqrafiya yaza bilmirlər, heç olmasa gedən proseslərə, baş verən hadisələrə ziyalı mövqeyi ortaya qoya bilərdilər və bilərlər.  Düzdü, barmaqla sayılası belələri də var. Yatan təkcə alimlər, akademiklər, “ziyalı” adlananlar deyil, bütün millət və xalqın özüdür ki, hələ də qəflət yuxusundan ayıla bilmir. Xalq və millət oyaq və ayıq olsa, onun nə alimi, nə də deputatı əsla yatmaz", - deyə Əli Orucov vurğulayıb.
 
Sultan Laçın
 
Chosen
28
moderator.az

1Sources