EN

Bakı və İrəvana qarşı Rusiya təhlükəsi: Erməniləri dəhşətə salan hadisə 27 il sonra təkrarlanacaq?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı irəliləyişlərin olduğu, əlaqələrin qurulduğu bir zamanda hər iki ölkənin Rusiya ilə münasibətlərindəki soyuqluq diqqət çəkir. Uzun illər Bakı-İrəvan gərginliyi vasitəsilə bölgədə təsir rıçaqlarını qoruyub saxlamağı bacaran Moskvanın yekun sülh razılaşmasının imzalanmasına necə reaksiya verəcəyi maraq doğurur.

Tarix göstərir ki, Ermənistan–Azərbaycan normallaşma proseslərində kənar güclərin müdaxiləsi və daxili siyasi təlatümlər mühüm rol oynayıb. Xüsusilə 1999-cu il Ermənistan parlamentində baş vermiş silahlı hücum kimi hadisələr regionun siyasi taleyinə birbaşa təsir edən amillərdən biri kimi xatırlanır.

Bakı və İrəvan Rusiyanın kənar təsiri olmadan yekun sülh müqaviləsini imzalaya biləcək? Moskvanın saziş imzalandıqdan sonra Ermənistanda yeni təxribatlara cəhd etməsi mümkündürmü?

Globalinfo.az-a danışan deputat Səməd Seyidov deyib ki, Azərbaycanın mövqeyi konkretdir:

“Biz dəfələrlə bəyan etmişik ki, Zəngəzur dəhlizi (TRIPP) heç kimə qarşı deyil. Region ölkələrinə xeyirdən başqa heç nə gətirməyəcək. Dünən Azərbaycan–Türkiyə–Gürcüstan xarici əlaqələr komitələrinin iclası keçirildi. Biz həmin iclasda müzakirə etdik ki, bu layihə Ermənistan üzərindən təşkil olunacaq, lakin Gürcüstan üçün də xeyirlidir.

Məsələyə daha geniş aspektdən baxsaq, bu günə qədər Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin yalnız Gürcüstan üzərindən keçdiyini görərik. Ancaq indi həmin Orta Dəhliz indi demək olar ki, iki dəfə öz imkanlarını artıracaq. Çünki iki istiqamətdə marşrut gedə bilər. Bu isə həm Gürcüstan və Ermənistanın, həm də digər region ölkələrinin, hətta Rusiyanın özü üçün maraqlı olmalıdır. Ona görə məsələyə daha geniş baxılmalıdır.

Rusiyada bu gün TRIPP layihəsinə etiraz edən qüvvələr var. Bu qüvvələr Ermənistan daxilindəki revanşist qüvvələrlə əl-ələdir. Onlar hadisələrin başqa istiqamətdə cərəyan etməsini istəyirlər, problemləri əslində Orta Dəhliz deyil. Bunların problemi Azərbaycan və Ermənistanın müstəqil dövlətlər kimi öz aralarında münasibətləri yüksək səviyyədə təşkil edib onun inkişafına çalışmasına görə yaşadıqları problemdir. Mən hətta bu prosesə mane olmaq istəyən digər qüvvənin də adını çəkə bilərəm. Söhbət erməni diasporundan gedir. ABŞ-da və Rusiyada fəaliyyət göstərən erməni diasporu, o cümlədən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və Serj Sərkisyan Moskvanın mövqeyini dəstəkləyir, onun maraqlarının təmin olunmasına çalışırlar. Halbuki TRIPP layihəsi Rusiyanın özü üçün də faydalıdır. Azərbaycanın bu gün apardığı siyasət Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya üçün də faydalıdır”.

Səməd Seyidov

S.Seyidov Rusiyanın ehtimal təxribat cəhdlərini dəyərləndirib:

“1999-cu ildə Ermənistan parlamentində baş vermiş silahlı hücum kimi hadisələr əlbəttə ki, mənfi olaylardır. Lakin bu, Ermənistanın düşünməli olduğu məsələdir. İrəvan təhlükəsizlik tədbirlərini artırmalıdır, ehtimal təxribatlara qarşı tədbirlərin alınması, hesab edirəm ki, ölkənin daxili işidir. Azərbaycan olaraq biz heç bir ölkənin daxili işinə qarışmırıq.

Biz regionda siyasətimizi sülh istəyən ölkələrin möhkəmlənməsi istiqamətində aparırıq. Ermənistan nə qədər sülhə sadiq qalacaqsa, sabitlik də davamlı olacaq. İrəvan indiki məqamda elə addımlar atmalıdır ki, Köçəryan, Sarkisyan kimi şəxslər güc əldə etməsin, ən əsası mövcud danışıqlar pozulmasın”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
globalinfo.az

1Sources