Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ötən əsrin ən amansız faciələrindən olan Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı – tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının, şəhər, qəsəbə, kənd icra nümayəndəliklərinin rəhbər işçiləri və əməkdaşları iştirak edib.
Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Sarayın foyesində qanlı faciəni əks etdirən kitab, dövri mətbuat materialları və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqiəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayıb, erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilən qətliamın yalnız azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı bir cinayət olduğunu bildirib. Vurğulanıb ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri olmaqla yanaşı, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətinin ən qəddar təzahürüdür. İcra başçısı qeyd edib ki, bu soyqırımı aktına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, həmçinin, ‘Xocalıya ədalət!’ beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində bu gün faciəni bir çox ölkələr rəsmi səviyyədə soyqırımı kimi tanıyır. Xüsusi olaraq diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi zamanı qətlə yetirilən soydaşlarımızın qisasını alaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edib. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı da daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Əhmədova çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixinin ən qanlı və kədərli səhifələrindən biri olduğunu vurğulayıb. Xocalı soyqırımının aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer almasını qeyd edən deputat bildirib ki, yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut edir. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Vurğulanıb ki, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən günahsız qurbanlarımızın qisası döyüş meydanında alınıb və ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib. Xocalıda, Xankəndidə və işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı əzəmətlə dalğalanır.
Tədbirin davamı olaraq Ordubad rayonundan olan Xocalı şəhidi Ağalarova Mətanət Sadiq qızı haqqında məlumat verilib, şəhidin qohumu, Əkbər Ağayev adına Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Ağalarova Əsma tərəfindən şəhidimizə həsr olunmuş şeir səsləndirilib.
Sonda rayonun mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən hazırlanan 26 Fevral – Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.















