ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 26 fevral, AZƏRTAC
AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: milli yaddaş və tarixi ədalət kontekstində” adlı anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a İnstitutdan məlumat verilib.
İnstitutun YAP Ərazi Partiya Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor Studiyası tərəfindən hazırlanmış film nümayiş olunub.
İnstitutun direktoru, filologiya elmləri doktoru dosent Hikmət Quliyev Xocalı soyqırımının etnik və milli ayrı-seçkilik zəminində erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi ən ağır cinayətlərdən biri olduğunu söyləyib. O bildirib ki, bu faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır cinayətdir. Hikmət Quliyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olunub, Xocalı, Qarabağ və Şərqi Zəngəzur əsl sahiblərinə qayıdıb.
Milli Məclisin deputatı Vüqar İsgəndərov Xocalı soyqırımını Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmış faciə və mühüm ibrət dərsi kimi dəyərləndirib. O bildirib ki, bu hadisənin unudulmaması, tarixi və hüquqi mahiyyətinin obyektiv şəkildə öyrənilərək gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Deputat Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan polkovniki Eldəniz Namazov Xocalı hadisəsinə hərbi-strateji prizmadan yanaşaraq, faciənin baş verdiyi dövrdə regionda mövcud olan mürəkkəb hərbi-siyasi vəziyyəti təhlil edib. Polkovnik bu gün Azərbaycanın daha güclü mövqedə olduğunu qeyd edərək, milli yaddaşın qorunmasının və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.
Anım tədbirinin davamında “Xocalı əsirliyindən həyata: qadınların sosial-psixoloji dirənişi”, “Xocalı soyqırımı: insanlığa qarşı erməni vəhşiliyi”, “Xocalı faciəsi milli yaddaş kontekstində” məruzələr dinlənilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.