EN

“Deməyə söz tapmaq olmur” - “Qəbələ”nin idman direktoru

Qışdan sonra yaxşı oyun və nəticələr ilə yadda qalan “Qəbələ” çərşənbə axşamı 14-cü turdan təxirə salınan oyunda “Turan Tovuz”u qəbul etdi.

“Qəbələ” iki erkən qol buraxdı, 2-ci hissədə də avtoqola üzüldü. “Qırmızı-qaralar” bəlkə də cari mövsümdə ən zəif oyununu göstərdi. Bu üzdən klubun idman direktoru Səbuhi Səfiyarlının fikrini öyrənməyi lazım bildik:

“Bizim üçün də gözlənilməz məğlubiyyət oldu. Deməyə söz tapmaq olmur. Düşünürdük ki, bu oyunda da 1 xal qazanıb, izləyicilərimizdən, təhlükəli zonadan uzaqlaşarıq. Amma komanda oyuna hazır deyildi. Çox səbəb tapmaq olar. Amma bəhanə kimi olar. Əvvəl həftədə bir oyun olurdu, indi dörd gündən bir oynayırıq. Ağır oyunlar keçirdik. “Neftçi”, “Sabah”, “Sumqayıt”la çətin oyunlar keçirdik, həmçinin kubokda da “Sabah”la qarşılaşdıq. Açığı, heyətimiz o qədər geniş də deyil ki, rotasiya edə bildik. Ona görə də komanda oyuna hazır deyildi. Taktiki səhvləri də məşqçi heyəti araşdıracaq“.

Sosial şəbəkələrdə izləyicilər “Qəbələ”nin bilərəkdən məğlub olduğunu, kuryoz qollar buraxdığını iddia edir. Səbuhi bəy belə söz-söhbətə münasibət bildirməkdən imtina etdi:

“Bu absurd məsələ haqda, ümumiyyətlə, danışmaq istəmirəm”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
11
1
football-plus.az

2Sources