EN

ABŞ vətəndaşlarının Böyük Britaniya vətəndaşlığına müraciəti rekord həddə çatıb » AzadMedia.az

ABŞ


ABŞ vətəndaşlarının Böyük Britaniya vətəndaşlığına müraciəti rekord həddə çatıb

ABŞ vətəndaşlarının Böyük Britaniya vətəndaşlığı almaq üçün müraciətlərinin sayı rekord səviyyəyə yüksəlib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, Donald Trump-ın Ağ Evdə ikinci prezidentlik müddətinin ilk ilində ABŞ vətəndaşlarının Britaniya vətəndaşlığına marağı əhəmiyyətli dərəcədə artıb. Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, 2025-ci ildə ümumilikdə 8 790 amerikalı qeydiyyat və ya naturalizasiya yolu ilə vətəndaşlıq almaq üçün müraciət edib. Bu göstərici 2024-cü ildə qeydə alınmış əvvəlki rekord – 6 192 nəfərlə müqayisədə 42 faiz çoxdur.
Xüsusilə 2025-ci ilin son rübündə rekord sayda – 2 490 müraciət qeydə alınıb.

ABŞ vətəndaşları Böyük Britaniyada ən azı beş il qanuni yaşadıqdan və daimi yaşayış statusunu əldə etdikdən sonra naturalizasiya yolu ilə vətəndaşlıq üçün müraciət edə bilərlər. Həmçinin Britaniya vətəndaşı ilə evli olan şəxslər də bu hüquqa malikdir. Qeydiyyat yolu isə Birlik ölkələrinin vətəndaşları, Britaniya vətəndaşlarının xaricdə doğulan övladları və ya valideynləri sonradan vətəndaşlıq və ya daimi status alan Britaniyada doğulmuş uşaqlar üçün nəzərdə tutulur.

Agentliyin yazdığına görə, artım amerikalıların “Amerika hər şeydən əvvəl” siyasəti çərçivəsində iqtisadi və institusional dəyişikliklərin sürətləndirilməsi fonunda xaricdə alternativ imkanlar axtarması ilə əlaqələndirilir.

Eyni zamanda, ötən il amerikalı tələbələrin Britaniya universitetlərinə marağının da artdığı bildirilir. Bundan əlavə, ABŞ vətəndaşları Böyük Britaniyada iş imkanlarına daha çox maraq göstərməyə başlayıblar.

Böyük Britaniya hökuməti iqtisadi artımı stimullaşdırmaq məqsədilə yüksək gəlirli və yüksək təhsilli miqrantların cəlb olunmasında maraqlıdır. Miqrasiya siyasətində ümumi məhdudiyyətlər tətbiq edilsə də, ixtisaslı və gəlir səviyyəsi yüksək olan şəxslərə üstünlük verilir. İmmiqrasiya hüquqşünaslarının sözlərinə görə, ABŞ vətəndaşları adətən bu meyarlara cavab verirlər.

Rəsmi məlumatlara əsasən, 2025-ci ildə Böyük Britaniyaya ümumi immiqrasiya azalmağa davam edib. Ötən il ölkədə qalmaq məqsədilə 809 407 viza verilib ki, bu da əvvəlki illə müqayisədə 15 faiz az, lakin pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 10 faiz çoxdur.

Qeyd edək ki, miqrasiya məsələsi Böyük Britaniya siyasətində ən mübahisəli mövzulardan biri olaraq qalır. Dövlət xidmətlərinə düşən yükə dair narahatlıqlar əvvəlki mühafizəkar hökuməti, eləcə də hazırkı leyborist administrasiyanı iş və təhsil vizalarına müəyyən məhdudiyyətlər tətbiq etməyə vadar edib.

Chosen
19
1
azadmedia.az

2Sources