ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Günay Ağamalı seçicilərlə əlaqə üçün təqdim olunan telefon nömrəsinin işləməməsi ilə gündəmə gəlib.
Belə ki, parlament üzvlərinin aylıq vətəndaş qəbul cədvəli Milli Məclisin mətbuat orqanı olan rəsmi dövlət qəzetində - “Azərbaycan”da dərc olunur. Deputatların 2026-cı il mart ayı üzrə seçicilərlə görüş cədvəli də adıçəkilən qəzetdə işıq üzü görüb. Cədvələ əsasən, deputatın seçicilərlə görüşləri martın 7-də Salyan, 14-də isə Biləsuvar və Neftçala rayonlarında nəzərdə tutulub. Qeyd olunub ki, deputatın qəbuluna yazılmaq, qəbulun yeri və saatı barədə məlumat almaq üçün onun köməkçisi Emin Xudiyevlə əlaqə saxlamaq lazımdır. Bunun üçün isə köməkçinin +99451 451 26 76 nömrəli telefonuna zəng etmək tələb olunur. Amma məsələ ondadır ki, bu nömrə mövcud deyil. Həmin nömrəni yığanda operator “Bu nömrə təyin edilməyib” cavabını verir.
“Cebheinfo.az” məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı ilə əlaqə saxlayıb. Deputat yayılan məlumatla bağlı açıqlamasında bildirib ki, vətəndaş qəbulu cədvəlində göstərilən telefon nömrəsi ilə bağlı yaranmış uyğunsuzluq sırf texniki xarakterli səhv nəticəsində baş verib:
"Nömrədə 050 əvəzinə 051 prefiksinin qeyd olunması səbəbindən əlaqə qurmaqda çətinlik yaranıb. Söhbət cəmi bir rəqəmin səhv yazılmasından gedir və məsələ artıq dəqiqləşdirilərək aradan qaldırılıb".
Günay Ağamalı əlavə edib ki, seçicilərlə təsdiqlənmiş görüş qrafiki qüvvədədir və planlaşdırılmış tarixlərdə vətəndaşların müraciətləri qəbul olunacaq:
"Təəssüf doğurur ki, texniki xarakterli bu yanlışlıq bəzi media resurslarında şişirdilmiş formada və reallığı tam əks etdirməyən başlıqlarla təqdim olunub. Halbuki burada hər hansı ciddi problem mövcud deyil. Milli Məclisin rəsmi internet səhifəsində və AZƏRTAC-da müvafiq düzəlişlər edilib, əlaqə məlumatları yenilənib. Seçicilərimlə görüş qrafikim qüvvədədir və planlaşdırılmış qəbul günlərində vətəndaşlarımızın müraciətləri qəbul olunacaq. Seçicilərlə əlaqə daim açıqdır və bu istiqamətdə heç bir məhdudiyyət yoxdur".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.