EN

Əfqanıstan Pakistana qarşı hərbi əməliyyata başladığını bəyan edib

Sərhəd bölgələrində qarşılıqlı zərbələrdən sonra vəziyyət gərginləşib...

Əfqanıstan Pakistana qarşı hərbi əməliyyata başladığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Əfqanıstanın 201-ci “Xalid ibn Vəlid” ordu korpusunun sözçüsü Vahidulla Məhəmmədi dövlət televiziyası olan RTA telekanalına müsahibəsində bildirib.

Sözçünün sözlərinə görə, Əfqanıstan hökumət qüvvələrinin Pakistan silahlı qüvvələrinə qarşı cavab hücumları yerli vaxtla saat 20:00-da ölkənin şərq vilayətləri – Nanqarhar və Kunar istiqamətlərində başlayıb. O qeyd edib ki, əməliyyat Pakistanın son bombardmanlarına cavab olaraq həyata keçirilir.

Məhəmmədi bildirib ki, hazırkı mərhələdə əfqan hərbçiləri Pakistan ordusuna məxsus üç postu ələ keçiriblər. Onun sözlərinə görə, əməliyyat bir neçə istiqamətdən – Xost, Pəktiya, Nuristan və digər sərhəd rayonları boyunca paralel şəkildə aparılır.

Qeyd edək ki, iki ölkə arasında gərginlik fevralın 21–22-də Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrindən sonra kəskinləşib. Rəsmi İslamabad hücumların məqsədinin “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının düşərgələri olduğunu bəyan edib. Pakistan tərəfi TTP-ni İslamabad və digər şəhərlərdə törədilən terror aktlarına görə məsuliyyət daşımaqda ittiham edir. Əfqanıstan tərəfi isə hava zərbələrinin mülki obyektləri hədəf aldığını iddia edib.

Fevralın 26-da Əfqanıstanın Tolo News telekanalı iki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Pəktiya və Pəktika vilayətlərində atışma baş verdiyini xəbər verib. Məlumata görə, sərhəd xətti boyunca vəziyyət qeyri-sabit olaraq qalır.

Müşahidəçilər hesab edirlər ki, tərəflər arasında qarşıdurmanın genişmiqyaslı toqquşmaya çevrilməsi regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Hazırda rəsmi dairələrdən itkilərlə bağlı dəqiq məlumat açıqlanmayıb.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources