EN

Tallin şəhərində soyqırımının 34-cü ildönümü ilə bağlı adnım tədbiri keçirilib

Tallin
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi tərəfindən Tallin şəhərində anım tədbiri keçirilib. 1news.az Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla etnik təmizləmə törətdiyi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib. Qeyd olunub ki, Azərbaycan dövləti, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün böyük səylər göstəriblər. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası xüsusi vurğulanaraq onun dünyanın müxtəlif yerlərində təsirli təbliğat vasitəsinə çevrildiyi bildirilmişdir. Vurğulanıb ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət cəzasız qalmamalı və dünya ictimaiyyəti tərəfindən pislənməlidir. Bir çox ölkələr tərəfindən artıq dövlət və ya parlament səviyyəsində Xocalı faciəsinin soyqırım kimi tanındığı, bu qanlı cinayətin pislənildiyi iştirakçıların diqqətinə çatdırılıb. Bu baxımdan Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu tərəfindən bu soyqırımı qınayan Bəyanatın qəbul edilməsinin önəmi xüsusi qeyd olundu. Xocalı şəhərinin işğaldan azad edildikdən sonra yenidən bərpa olunaraq dirçəldiyi və yerli sakinlərin bu gün öz tarixi torpaqlarına qayıtdıqları diqqətə çatdırılıb. Bildirilib ki, Xocalıda baş vermiş faciəyə baxmayaraq, Azərbaycan bu gün həm regionda, həm də bütün dünyada sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı və təşəbbüskarı kimi çıxış edir. Daha sonra çıxış edən Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri xanım Mariya Yufereva-Skuratovski Xocalı faciəsinin 34-cü ildönümündə Qrupun adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək onların kədəri ilə bölüşdüklərini və həyatını itirmiş günahsız uşaqların, qadınların və yaşlı insanların xatirəsini ehtiramla yad etdiklərini bildirdi. Sədrlik etdiyi Parlamentlərarası Qrupun ölkələrimiz arasında parlament əməkdaşlığını yüksək qiymətləndirdiyini və bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərin artırılacağını bildirdi. Tədbirin davamı olaraq Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış sənədli film və faciənin dəhşətlərini əks etdirən fotosərgi nümayiş olundu. Tədbir çərçivəsində iştirakçılara Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında hazırlanmış kitablar, broşürlər və nəşrlər təqdim olunub.

Anım tədbirində Estoniya parlamentinin (Riigikogu) üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri və təmsilçiləri, Estoniyanın sabiq xarici işlər naziri xanım Kristiina Oyuland, Estoniya Diplomatiya Məktəbinin direktoru cənab Ekke Nım, Tallin şəhər merinin müavini xanım Riina Solman, Azərbaycan və tatar icmalarının, eləcə də yerli medianın nümayəndələri iştirak etmişlər.

Chosen
29
1news.az

1Sources