Yeni faciələr yaşamamağın yolu budur
Azərbaycan Prezidentinin fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər postmüharibə mərhələsinin siyasi-strateji doktrinasının konseptual ifadəsidir: “Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq”.
44 günlük Vətən müharibəsində hərbi əməliyyatların uğurla başa çatması regionun geosiyasi arxitekturasında struktur dəyişikliklər yaratdı. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə Cənubi Qafqazda uzun illər formalaşmış status-kvo dağıldı və yeni güc konfiqurasiyası meydana çıxdı. Lakin müasir beynəlxalq münasibətlər sistemində hərbi qələbə davamlı siyasi mexanizmlərlə və institusional dayaqlarla möhkəmləndirilməzsə, zamanla təsir gücünü itirə bilər. Azərbaycan məhz bu reallığı nəzərə alaraq hərbi üstünlüyü siyasi dayanıqlılığa transformasiya etməyə yönəlmiş davranış modeli formalaşdırır.
Postmüharibə mərhələsində hərbi-strateji konsolidasiya ordunun keyfiyyət mərhələsinə keçididir. Müharibə dövründə tətbiq olunan innovativ taktiki yanaşmalar, yüksək texnologiyalı sistemlərin effektiv istifadəsi və komanda-idarəetmə modelinin çevikliyi artıq institusional səviyyədə möhkəmləndirilir.
Təhlükəsizlik yalnız sərhəd xəttində qurulmur. Onun sosial ölçüsü daha uzunömürlü və strateji xarakter daşıyır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və məskunlaşma siyasəti, əslində, siyasi dayanıqlılığın sosial təməlini formalaşdırır. İnfrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası, müasir yaşayış modellərinin tətbiqi təhlükəsizlik layihəsidir. İnsan öz torpağında təhlükəsiz və perspektivli həyat qurduqda, həmin məkanın sabitliyi institusional xarakter alır. Digər tərəfdən, postmüharibə reallığında diplomatik müstəvi xüsusi əhəmiyyət kəsb edir. Müharibədən sonra yaranmış yeni status-kvo beynəlxalq səviyyədə qəbul və legitimləşmə mərhələsindən keçməlidir.
***
Xocavənddə səsləndirilən fikirlərin mahiyyəti məhz bu çoxqatlı strategiyanın insana yönəlmiş aspektini ortaya qoyur. Müharibədən sonrakı mərhələdə psixoloji təhlükəsizlik ən azı fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. İnsan öz gələcəyinə əmin olduqda dövlətin yaratdığı siyasi reallıq sosial legitimlik qazanır. “Güclü olmalıyıq” tezisi klassik hərbi üstünlük anlayışından daha geniş semantik məna daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində güc artıq yalnız tank, artilleriya və canlı qüvvə ilə ölçülmür. Güc – siyasi iradənin institusional dayanıqlılığı, informasiya mühitinə nəzarət bacarığı, iqtisadi müqavimət qabiliyyəti və diplomatik manevr imkanlarının sintezidir. İnformasiya müharibəsi, iqtisadi sanksiya alətləri, ideoloji təsir mexanizmləri və diplomatik təzyiq formaları artıq hərbi risklərlə eyni çəkidə strateji faktor kimi çıxış edir.
Azərbaycanın postmüharibə mərhələsində fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, 44 günlük müharibə dövründə formalaşmış çoxsahəli koordinasiya indi institusional modelə çevrilir. Hərbi əməliyyatlar zamanı diplomatik fəallıq, informasiya siyasəti və cəbhə xəttindəki proseslər vahid strateji mərkəzdən idarə olunurdu. Preventiv təhlükəsizlik fəlsəfəsi risklərin formalaşma mərhələsində neytrallaşdırılması prinsipinə söykənir. Silahlı Qüvvələrin innovativ silah sistemləri ilə təchiz edilməsi potensial təhdid mənbələrinə psixoloji və strateji siqnaldır. Yüksək texnologiyalı müdafiə sistemləri və dəqiq zərbə imkanları deterrensiya effektini gücləndirərək münaqişə ehtimalını minimuma endirir.
***
Cənubi Qafqaz tarixən böyük güclərin maraqlarının toqquşduğu məkan olub, lakin hazırkı mərhələdə bu rəqabət daha mürəkkəb və çoxqatlı xarakter alıb. Qlobal sistemdə artan fraqmentasiya, Qərb–Rusiya qarşıdurmasının dərinləşməsi, Çin faktorunun yüksəlişi və Yaxın Şərqdə qeyri-sabitliyin davam etməsi regionu geosiyasi təsir meydanına çevirir. Belə bir mühitdə “ayıq olmalıyıq” çağırışı rasional realizmin ifadəsidir. Realizm nəzəriyyəsinin əsas tezisi ondan ibarətdir ki, beynəlxalq sistem anarxikdir və hər dövlət öz təhlükəsizliyini, ilk növbədə, özü təmin etməlidir. Azərbaycan postmüharibə mərhələsində məhz bu prinsipə əsaslanır. Qələbədən sonra maksimalist ritorikaya və ya emosional üstünlük nümayişinə meyil göstərməmək, əksinə, ölçülmüş və hesablanmış siyasət yürütmək regional sabitliyin qorunması baxımından strateji seçimdir.
Ayıqlıq, ilk növbədə, diplomatik manevr imkanlarının geniş saxlanılması deməkdir. Çoxvektorlu diplomatiya strateji zərurətdir. Qərb institutları ilə əməkdaşlığın davam etdirilməsi, Türkiyə ilə müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi, Rusiya ilə praqmatik dialoqun qorunması və Mərkəzi Asiya ilə inteqrasiyanın genişləndirilməsi paralel şəkildə həyata keçirilir.
***
Tarixi yaddaş hər bir xalq üçün təhlükəsizlik siyasətinin dərin psixoloji dayağıdır. Dövlətlər kollektiv xatirə üzərində formalaşır. Keçmişdə yaşanan faciələr, işğal təcrübəsi, məcburi köçkünlük və itkilər milli şüurun formalaşmasında həlledici rol oynayır. Keçmiş faciələri xatırlamaq kollektiv immunitet mexanizmidir. Necə ki, bioloji immunitet orqanizmi potensial təhlükələrə qarşı tanıma və reaksiya qabiliyyəti ilə təmin edir, tarixi yaddaş da cəmiyyətin təhlükə siqnallarını vaxtında dərk etməsinə şərait yaradır. Tarixdən çıxarılan dərslər dövlət davranışında refleksiv mexanizm formalaşdırır – hansı risklərin real olduğunu, hansı geosiyasi proseslərin potensial təhdid yarada biləcəyini ayırd etməyə imkan verir.
Xocavənddə səsləndirilən mesajın məğzi məhz bu balansın qorunmasındadır. Keçmişi unutmaq təhlükəsizlik boşluğu yaradar, çünki unutqanlıq strateji sadəlövhlük doğura bilər. Tarixi təcrübə nəzərə alınmadıqda, eyni səhvlərin təkrarlanma ehtimalı artır. Digər tərəfdən, keçmişə qapanmaq və onu siyasi davranışın yeganə motivinə çevirmək də inkişafı ləngidər. Dövlət yalnız travmatik xatirə üzərində siyasət qurduqda gələcək perspektivlər daralır və rasional qərarvermə emosional reaksiyalarla əvəzlənə bilər.
Azərbaycanın seçdiyi model isə tarixi şüurun gələcək strategiyaya inteqrasiyasıdır. Tarixi təcrübə təhlükəsizlik konsepsiyasının formalaşmasında, müdafiə strategiyasının qurulmasında və diplomatik davranışın kalibrlənməsində nəzərə alınır. Keçmişdə yaşananlar dövlətin qərarvermə instinktini daha rasional və ehtiyatlı edir.
Tarixi yaddaşın institusionallaşdırılması da mühüm amildir. Təhsil siyasəti, ictimai diskurs, memorial mədəniyyət və beynəlxalq müstəvidə həqiqətlərin ardıcıl şəkildə çatdırılması milli mövqenin möhkəmlənməsinə xidmət edir. Çünki tarixi həqiqətlərin sistemli təqdimatı informasiya mühitində yanlış narrativlərin qarşısını alır.
***
Postmüharibə mərhələsində ən mürəkkəb məsələ psixoloji mühitin bərpasıdır. Müharibədən çıxmış cəmiyyət üçün inam faktoru siyasi sabitliyin əsas dayağına çevrilir. Strateji optimizm yalnız real resurslara, planlaşdırılmış siyasətə və icra olunan layihələrə söykəndikdə davamlı olur. Əks halda, inam tez bir zamanda gözləntilərin böhranına çevrilə bilər.
Azərbaycanın postmüharibə strategiyasında gələcəyə inam konkret fəaliyyətlərlə əsaslandırılır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlət iradəsinin nümayişidir. İnfrastrukturun – yolların, enerji xətlərinin, sosial obyektlərin – sürətli bərpası göstərir ki, qələbə simvolik deyil, funksional xarakter daşıyır. Torpaq üzərində suverenliyin təsdiqi onun iqtisadi və sosial həyatla doldurulması ilə tamamlanır.
“Ağıllı şəhər” və “ağıllı kənd” modellərinin tətbiqi isə daha dərin strateji mesaj verir. Rəqəmsal idarəetmə, dayanıqlı enerji həlləri və innovativ kənd təsərrüfatı modelləri göstərir ki, azad edilmiş ərazilər keçmişin travmatik məkanı kimi deyil, gələcəyin modern platforması kimi düşünülür.
Yeni iqtisadi zonaların formalaşdırılması və investisiya mühitinin təşviqi gələcəyə inamın iqtisadi sütunudur. İş yerlərinin yaradılması, sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması və regional istehsal zəncirlərinin qurulması sosial sabitliyi möhkəmləndirir. Çünki iqtisadi rifah və sosial təminat təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. İnsan öz gələcəyini konkret iqtisadi imkanlar üzərində qurduqda dövlətlə vətəndaş arasında etimad güclənir.
Regional kommunikasiyaların açılması perspektivi isə bu inamı milli çərçivədən geoiqtisadi müstəviyə daşıyır. Nəqliyyat dəhlizlərinin genişlənməsi, tranzit imkanlarının artması və regionun inteqrasiya məkanına çevrilməsi Azərbaycanın uzunmüddətli inkişaf modelini möhkəmləndirir.
Son olaraq qeyd edək ki, postmüharibə mərhələsində dövlətlərin ən böyük sınaqlarından biri qələbənin psixologiyasını düzgün idarə etməkdir. Tarix göstərir ki, hərbi üstünlük qazanan tərəf bəzən “qalib sindromu”nun təsiri altına düşərək emosional və maksimalist siyasət yürütməyə meyil göstərir. Azərbaycanın seçdiyi xətt isə fərqlidir: biz məsuliyyətli güc konsepsiyasına əsaslanırıq. Dövlət davranışında revanşist ritorikadan uzaq durulması, beynəlxalq hüququn prinsiplərinə istinadın davam etdirilməsi və regional əməkdaşlıq platformalarına açıq mövqe sərgilənməsi göstərir ki, məqsədimiz davamlı sabitlikdir.
Şəbnəm ZEYNALOVA ,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru