EN

Hesabat: Qlobal miqyasda narkotiklərlə mübarizədə irəliləyiş var

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Narkotiklərə nəzarətlə bağlı üç konvensiya çərçivəsində beynəlxalq əməkdaşlıq narkotik maddələrin qanunsuz dövriyyəsinin vurduğu zərəri əhəmiyyətli dərəcədə azaldıb və dünya miqyasında ictimai sağlamlığı qoruyub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının (INCB, 1961-ci il Narkotik Vasitələr haqqında Vahid Konvensiya çərçivəsində yaradılmış müstəqil ekspert orqanı) cümə axşamı dərc etdirdiyi 2025-ci il hesabatında bildirilib.

INCB prezidenti Sevil Atasoy sistemin dövlətlərin davamlı dəstəyi sayəsində işlədiyini vurğulayıb: “Birgə fəaliyyət üçün möhkəm təməl olan konvensiyalar 60 il ərzində narkotik ticarəti və sui-istifadənin qarşısını alıb, vacib dərmanlara çıxışı təmin edib”.

Komitə hesabatında qeyd edir ki, qlobal hesabat və bildiriş sistemi sayəsində qanuni istehsal olunmuş maddələrin qeyri-leqal kanallara nüfuz etməsi minimum səviyyədə saxlanılır. 2025-ci ildə INCB tərəfindən yaradılan “PEN Online” platforması üç ton fentanil prekursorunun qaçaqmalçılığı cəhdinin qarşısını alıb ki, bu da 3,3 tona qədər təhlükəli narkotik maddənin istehsalına səbəb ola bilərdi.

Təşkilat vurğulayır ki, müasir məlumat paylaşma vasitələri dövlətlərə narkotik qaçaqmalçılığı cəhdlərinə daha tez reaksiya verməyə və nəzarət edilən maddələrin beynəlxalq ticarətində fırıldaqçılığın qarşısını almağa imkan verir. Kimya sənayesi, logistika şirkətləri və onlayn platformalar da daxil olmaqla özəl sektorla əməkdaşlıq da getdikcə daha vacib olur.

Hesabatda ağrıkəsicilərə çıxışa xüsusi diqqət yetirilir. Qlobal ehtiyatların geniş olmasına baxmayaraq, bir çox aşağı və orta gəlirli ölkələr morfin tərkibli dərmanların çatışmazlığı və onların alınmasında çətinliklərlə üzləşməyə davam edir. INCB dövlətləri xəstələrin lazımi müalicə almasına mane olan əngəlləri aradan qaldırmağa çağırır.

Hesabatda xarakterik regional tendensiyalar - Afrikada narkotik istifadəsinin artması, Şimali Amerikada sintetik maddələrdən ölüm hallarının azalması, Cənubi Amerikada kokain bazarlarının genişlənməsi, Şərqi Asiyada qanunsuz metamfetamin istehsalının rekord səviyyədə olması və Okeaniya vasitəsilə qaçaqmalçılığın artması sənədləşdirilir. Hesabata görə, son illərdə Qərbi və Mərkəzi Avropada qanunsuz kokain ticarəti kəskin şəkildə artıb ki, bu da bu maddənin geniş yayılması və total şəkildə ələ keçirilməsi ilə sübut olunur. Avropada sintetik narkotik istehsalı genişlənir və yeni psixoaktiv maddələrin yayılması ciddi problem olaraq qalır.

Kanada, Meksika və ABŞ son illərdə narkotik istehsalı və qaçaqmalçılığı ilə mübarizə səylərini daha da gücləndirib. Doza həddinin aşılması halları həm Kanadada (17%), həm də ABŞ-da (27%) azalıb, lakin hesabat müəllifləri hesab edirlər ki, bu azalmanın davamlı bir tendensiyaya çevriləcəyini qiymətləndirmək üçün hələ tezdir. Opioidlərin qeyri-tibbi istifadəsi mütəxəssislər üçün ictimai səhiyyə problemi olaraq qalır.

Sevil Atasoy ölkələri beynəlxalq əməkdaşlığı daha da gücləndirməyə çağıraraq təkrar edib: “İctimai sağlamlığı narkotiklərin yaratdığı təhlükələrdən qorumaq bizim ortaq məsuliyyətimizdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
azertag.az

2Sources