EN

Bioinformatika Azərbaycanda nisbətən yeni, lakin perspektivli bir sahədir

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA[email protected]

Ötən ay dünyanın nüfuzlu elmi nəşrlərindən olan "Nature Communications" jurnalında azərbaycanlı alim Elbəy Əliyevin baş müəllif kimi məqaləsinin dərci ictimaiyyətdə böyük maraq doğurdu. Bu məqalə Elbəy Əliyevin "Nature" nəşrlər ailəsində çap olunan üçüncü elmi işidir və ilk dəfə olaraq onun əsas müəllif (main author) qismində təqdim olunduğu araşdırmadır. Qeyd olunmalıdır ki, "Nature" jurnal ailəsində yer alan məqalələr yalnız yüksək elmi dəyərə və qlobal əhəmiyyətə malik tədqiqatlar arasından seçilir. Araşdırma insan DNT-sində baş verən irihəcmli struktur dəyişikliklərinin genlərin fəaliyyəti və sağlamlıq göstəricilərinə təsirini əhatə edir. Tədqiqat zamanı Qətərdə yaşayan 6 min 141 nəfərin tam genom məlumatları təhlil edilib və əldə olunan nəticələr, klinik göstəricilər, o cümlədən laborator analizlər və tibbi qeydlərlə əlaqələndirilib. Bu elmi nailiyyət Azərbaycan alimlərinin beynəlxalq səviyyədə uğurlu fəaliyyətlərini nümayiş etdirir.

Məlumat üçün bildirək ki, Elbəy Əliyev Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib, hərbi xidmətdən sonra magistr təhsilini də burada davam etdirib. 2008-2017-ci illərdə IDRAK Technology Transfer şirkətində baş proqramçı kimi çalışıb. 2017-2025-ci illərdə Qətərin Doha şəhərində yerləşən Sidra Medicine tibb və tədqiqat mərkəzində araşdırmaçı kimi fəaliyyət göstərib. 2025-ci ilin iyul ayından etibarən isə ABŞ-nin Kolorado Universitetinin Biotibbi İnformatika Departamentində baş data elmi mütəxəssisi kimi çalışır.

Azərbaycanlı alim Elbəy Əliyevin "525-ci qəzet"ə müsahibəsini təqdim edirik.

- Siz bioinformatika sahəsində tədqiqatçısınız. Bu sahə hazırda necə inkişaf edir və hansı yeni nailiyyətlər əldə olunub?

- Bioinformatika son illərdə tibbin və biologiyanın ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Əgər əvvəllər genetik analizlər daha çox tək-tək genlər və ya kiçik mutasiyalar üzərində aparılırdısa, bu gün artıq bütöv genom səviyyəsində, milyardlarla DNT oxunuşunun paralel analizi mümkündür. Süni intellekt, yüksək hesablama gücü və bulud texnologiyalarının inkişafı nəticəsində böyük həcmli genom məlumatlarının emalı daha sürətli və dəqiq həyata keçirilir.

Digər mühüm istiqamət fərdiləşdirilmiş tibbin inkişafıdır. Artıq genetik məlumatlar yalnız elmi məqsədlər üçün deyil, klinik qərarların verilməsində də istifadə olunur. Məsələn, bir insanın genetik profili əsasında dərmanlara reaksiyası, müəyyən xəstəliklərə meyilliliyi və profilaktik tədbirlər planlaşdırıla bilir.

Eyni zamanda, bioinformatika müxtəlif xalqlar və regionlar üzrə genetik məlumat bazalarının genişləndirilməsinə töhfə verir. Bu, qlobal səhiyyədə balansın qorunması və daha ədalətli tibbi yanaşmanın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, bioinformatika artıq yalnız analiz aləti deyil, müasir tibbin strateji əsas sütunlarından birinə çevrilməkdədir.

- Sizin tədqiqatlarınızın nəticələri "Nature Communications" jurnalında dərc olundu. İstərdim tədqiqatın əsas mahiyyəti barədə danışasınız. Bu istiqamətdə hazırda yeni işlər nəzərdə tutmusunuz?

- Tədqiqatın əsas mahiyyəti insan genomunda baş verən irimiqyaslı struktur dəyişikliklərinin - yəni DNT-nin böyük hissələrinin silinməsi, çoxalması və ya yer dəyişməsinin - insan sağlamlığına təsirini sistemli şəkildə araşdırmaq idi. Ənənəvi genetik testlər əsasən kiçik mutasiyalara fokuslanır, lakin bizim işimiz göstərdi ki, böyük struktur dəyişiklikləri də bir çox klinik göstəricilərlə birbaşa əlaqəlidir.

Araşdırma çərçivəsində minlərlə insanın tam genom məlumatı analiz olunaraq real tibbi göstəricilərlə müqayisə edilib. Nəticələr göstərdi ki, struktur variasiyalar sidik turşusu səviyyəsi, qaraciyər və böyrək funksiyaları, dəmir mübadiləsi, bədən çəkisi və digər mühüm biokimyəvi parametrlərlə əlaqəlidir. Bundan əlavə, təxminən hər 30 nəfərdən birində erkən aşkarlandıqda profilaktik müdaxilə imkanı yaradan genetik risk faktorları müəyyən edilib. Bu isə xəstəliklərin müalicəsindən daha çox, onların qarşısının alınmasına yönəlmiş yanaşmanın əhəmiyyətini göstərir.

Hazırda bu istiqamətdə yeni işlər planlaşdırılır. Növbəti mərhələdə struktur variasiyaların daha yüksək dəqiqliklə aşkarlanması üçün uzunoxunuşlu sekvens texnologiyalarının tətbiqi, nadir genetik xəstəliklərin və metabolik pozuntuların daha dərindən öyrənilməsi, həmçinin müxtəlif populyasiyalar üzrə müqayisəli analizlərin aparılması nəzərdə tutulur. Eyni zamanda, qısa tandem təkrarları (Short Tandem Repeats - STR) kimi genomun mürəkkəb və tez-tez dəyişkən bölgələrinin daha dəqiq genotiplənməsi üzərində də işləyirik. STR-lər bir çox irsi və nevroloji xəstəliklərlə əlaqəlidir və onların düzgün analizi klinik diaqnostikada mühüm rol oynayır. Məqsədimiz bu tip çətin aşkarlanan genetik dəyişiklikləri daha dəqiq müəyyən etmək və onları praktik tibbi tətbiqlərə inteqrasiya etməkdir.

- Azərbaycanda bioinformatika sahəsinin inkişafı barədə nə deyə bilərsiniz? Bu cür tədqiqatların Azərbaycanda da aparılması mümkündür?

- Azərbaycanda bioinformatika nisbətən yeni, lakin perspektivli bir sahədir. Son illərdə genomika, molekulyar biologiya və informasiya texnologiyalarının inteqrasiyası istiqamətində müəyyən addımlar atılıb. Gənc mütəxəssislərin artması, xaricdə təhsil almış alimlərin ölkəyə töhfə verməsi və universitetlərdə müasir proqramların formalaşması bu sahənin inkişafı üçün müsbət zəmin yaradır.

Bu tip tədqiqatların Azərbaycanda aparılması tam mümkündür. Bunun üçün əsas şərtlərdən biri güclü hesablama infrastrukturu, keyfiyyətli genom məlumat bazası və klinik məlumatlarla inteqrasiya imkanlarının yaradılmasıdır. Eyni zamanda, laboratoriya və bioinformatika mütəxəssisləri arasında sıx əməkdaşlıq vacibdir.

Əgər milli səviyyədə genom proqramı və ya geniş miqyaslı biobank təşəbbüsü formalaşdırılarsa, ürək-damar xəstəlikləri, diabet, metabolik pozuntular və nadir irsi xəstəliklər üzrə daha dəqiq risk qiymətləndirməsi aparmaq mümkün olar. Bu isə fərdiləşdirilmiş tibbin inkişafına, erkən diaqnostikaya və səhiyyə planlamasında daha effektiv qərarların verilməsinə şərait yaradar.

- Sizin fikrinizcə, texnologiyaların inkişafı elmi tədqiqatların aparılmasında hansı rolu oynayır?

- Texnologiyaların inkişafı müasir elmin əsas hərəkətverici qüvvəsidir. Əgər əvvəllər bir tədqiqat illərlə davam edirdisə, bu gün yüksək hesablama gücü, avtomatlaşdırılmış laborator sistemlər və böyük məlumatların analizi sayəsində eyni proseslər daha qısa müddətdə və daha yüksək dəqiqliklə həyata keçirilir.

Xüsusilə biologiya və tibb sahəsində yeni sekvens texnologiyaları, süni intellekt alqoritmləri və bulud əsaslı hesablama sistemləri elmi yanaşmanı tamamilə dəyişib. Milyonlarla və hətta milyardlarla məlumat nöqtəsini paralel şəkildə analiz etmək mümkün olub. Bu isə daha əvvəl görünməyən qanunauyğunluqları aşkar etməyə və nəticələri klinik praktikaya daha sürətli tətbiq etməyə imkan yaradır.

- Yaxın gələcək üçün fəaliyyət planlarınız nədən ibarətdir?

- Hazırda əsas tədqiqat hədəfim genomik struktur variantlar və qısa tandem təkrarlar kimi insan genomunda baş verən mürəkkəb dəyişiklikləri daha dəqiq tapmaq və analiz etmək üçün proqram həlləri qurmaq və onları böyük məlumat dəstlərində yoxlayıb etibarlı hala gətirməkdir. Bu mutasiya tipləri bir çox nadir xəstəliklərin səbəbini izah edə bilir, eyni zamanda geniş populyasiyalarda xəstəliklərin və bioloji mexanizmlərin anlaşılmasına kömək edir. Ümumilikdə əsas məqsədim elmi nəticələri real kliniki mühitdə istifadəsini mümkün etmək və xəstələr üçün daha düzgün qərarların verilməsinə dəstək olmaqdır.

- Elmi təqdiqatdan başqa, maraq dairənizdə olan digər sahələr varmı?

- Hər şeydən əvvəl ailə mənim üçün ən önəmli dəyərdir. İşdən kənar vaxtımı mümkün qədər ailəmlə keçirməyə çalışıram. Onlarla birlikdə olmaq həm motivasiya verir, həm də insanı balansda saxlayır.

Bundan əlavə, proqram mühəndisliyi və alqoritmlərlə maraqlanıram. Effektiv sistem qurmaq, optimallaşdırma məsələləri və yeni texnologiyalar üzərində düşünmək mənə zövq verir.

İdman da həyatımın vacib hissəsidir. Basketbolu çox sevirəm - həm izləməyi, həm də oynamağı. Basketbol mənim üçün komanda ruhu, sürətli qərarvermə və strateji düşüncə deməkdir.

Musiqi isə istirahət və ilham mənbəyimdir. Azərbaycan xalq musiqisini, milli mahnıları və cazı sevirəm. Xüsusilə folklor və cazın sintezi mənə yaxındır - həm milli kökləri, həm də müasir üslubu birləşdirir.

Ümumilikdə çalışıram ki, həyatımda balans olsun: ailə, elm, texnologiya, idman və musiqi bir-birini tamamlayan sahələrdir.

- Xaricdə müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlər bir sıra uğurları ilə diqqət çəkirlər. Alimlərimiz arasında hansısa şəbəkələşmə varmı?

- Son illərdə xaricdə çalışan azərbaycanlı alimlərin sayı və elmi uğurları nəzərəçarpacaq dərəcədə artıb. Müxtəlif ölkələrdə - ABŞ, Avropa və digər regionlarda - elmimizin nümayəndələri qabaqcıl universitet və tədqiqat mərkəzlərində çalışırlar. Şəbəkələşmə məsələsinə gəldikdə isə, formal və institusional səviyyədə tam sistemli bir platforma hələ formalaşmayıb, lakin fərdi və peşəkar əlaqələr kifayət qədər aktivdir.

Alimlər əsasən beynəlxalq konfranslar, birgə layihələr, sosial və peşəkar platformalar vasitəsilə əlaqə saxlayırlar. Xüsusilə eyni sahədə çalışan tədqiqatçılar arasında əməkdaşlıq və təcrübə mübadiləsi mövcuddur. Bununla yanaşı, diaspor təşkilatları və elmi təşəbbüslər çərçivəsində də müəyyən əlaqələr qurulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
525.az

1Sources