Son vaxtlar müxtəlif ölkələrdə qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı müzakirələrin genişlənməsi Azərbaycanda da bu mövzunu yenidən gündəmə gətirib. Bəzi dövlətlərdə qadınlar üçün könüllü və ya məcburi xidmət modellərinin tətbiqi fonunda sual yaranır: Azərbaycanda qadınlar üçün 6 aylıq məcburi hərbi xidmət məsələsi real perspektiv hesab oluna bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə belə bir təşəbbüs nə müzakirə olunur, nə də buna ehtiyac var.
![]()
Ekspertin sözlərinə görə, Azərbaycanda qadınların məcburi hərbi xidmətə çağırılması ilə bağlı indiyədək heç vaxt praktika olmayıb və bu istiqamətdə rəsmi müzakirələr də aparılmayıb:
“Düşünmürəm ki, Azərbaycanda qadınların məcburi hərbi xidmət məsələsi reallaşsın. Belə bir müzakirə yoxdur və buna ehtiyac da duyulmur. Burada həm də mentalitet məsələsi var”, – deyə o, qeyd edib.
Ü.Cəfərov bildirib ki, bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-nin hesabatında qadınların hərbi və müdafiə strukturlarında təmsilçiliyi ilə bağlı maraqlı statistika açıqlanıb.
“Məlumata görə, 2024-cü ilə qədər Müdafiə Nazirliyi sistemində 329 nəfər qadın zabit və gizir xidmət edir, müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) qadınların sayı isə 1602 nəfərdir. Qadın mülki işçilərin sayı 10 min 218 nəfər təşkil edir.
Müdafiə sektorunun digər qurumlarında da qadınlar əsasən könüllü əsaslarla fəaliyyət göstərirlər. Belə ki, Müdafiə Sənayesi Nazirliyi üzrə ümumi 6 min 331 əməkdaşdan 2 min 137 nəfəri qadındır və rəhbər vəzifələrdə çalışan qadın hərbi qulluqçuların sayı 4 nəfərdir. Dövlət Sərhəd Xidməti sistemində isə şəxsi heyətin 87 faizini kişilər, 13 faizini qadınlar təşkil edir”.
Onun sözlərinə görə, bu rəqəmlər Azərbaycanda qadınların məcburi hərbi xidmətə cəlb olunmasının gündəmdə olmadığını açıq şəkildə göstərir:
“Qadınlar arasında hərbi sahədə çalışmaq istəyənlər var və onlar könüllü şəkildə müqavilə əsasında xidmət edirlər. Əsasən qərargah, pedaqoji, tibbi və inzibati sahələrdə fəaliyyət göstərirlər. Hesab edirəm ki, məcburi xidmət məsələsi nə müzakirə olunacaq, nə də qəbul ediləcək. Cəmiyyət tərəfindən də bu birmənalı qarşılanmaz və buna zərurət yoxdur”, – deyə ekspert vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az