EN

Özbəkistanda Ümumdünya QHT Günü münasibətilə dəyirmi masa keçirilib - FOTOLAR

Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının binasında 27 fevral – Ümumdünya Qeyri-Hökumət Təşkilatları Günü münasibətilə “Yeni Özbəkistanda qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının fəaliyyəti: müasir yanaşmalar” mövzusunda dəyirmi masa təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edənlər bu tarixin yaranma tarixindən bəhs ediblər. 1950-ci ildə BMT tərəfindən “Beynəlxalq qeyri-hökumət təşkilatı” anlayışı təsbit edilib, 2014-cü ildən etibarən isə 27 fevral bütün dünyada geniş şəkildə qeyd olunur.

Hazırda ölkədə 10 minə yaxın QHT fəaliyyət göstərir ki, onlardan 2,5 mini birbaşa Assosiasiyanın üzvüdür. Bu göstərici sahədə artım tempini əks etdirir.

Tədbir zamanı bir sıra QHT rəhbərləri və mütəxəssislər çıxış edərək son illərdə sahəyə göstərilən diqqət, qanunvericilikdə yaradılan güzəştlər və sosial tərəfdaşlıq layihələrinin səmərəliliyi ilə bağlı fikirlərini bölüşüblər. Xüsusilə, QHT-lərin cəmiyyət həyatında şəffaflığının təmin edilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Dəyirmi masanın yekun hissəsi təntənəli təltif mərasimi ilə davam edib. Yeni Özbəkistanda qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının inkişafına layiqli töhfə verən, sosial təşəbbüsləri ilə fərqlənən bir qrup QHT nümayəndəsi xüsusi mükafatlarla təltif olunub. Həmçinin, tədbir çərçivəsində yeni üzv qəbul edilmiş təşkilatlara Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının üzvlük vəsiqələri təqdim edilib.

Chosen
12
qht.az

1Sources