EN

İnformasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması üçün təhdidlər və həllər kataloqu hazırlanıb

Bakı, 27 fevral, Pərvanə Qafarova, operator Ələkbər Baxşıyev, AZƏRTAC

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkəmizdə uzun müddət ərzində konseptual və normativ hüquqi çərçivənin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

Azər Əhədov vurğulayıb ki, risklərin identifikasiyası, təhdid landşaftının müəyyənləşdirilməsi, kateqoriyalaşdırılması və idarəetmə mexanizmlərinin qurulması üçün zəruri olan sənədlərin hazırlanması, razılaşdırılması və təsdiqi mərhələli şəkildə həyata keçirilib.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması sahəsində normativ və metodoloji çərçivəni hazırlayan əsas icraçı qurum olmaqla yanaşı, reyestrin tətbiqinin effektivliyinin qiymətləndirilməsi və audit mexanizmlərinin formalaşdırılması üzrə də səlahiyyətli qurumdur. Xüsusi vurğulamaq istərdim ki, risklərin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də müəyyən edilmiş informasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması yollarının mərkəzləşdirilmiş formada dövlət qurumlarına təqdim edilməsi üçün xidmətimiz tərəfindən təhdidlər və həllər kataloqu hazırlanıb. Sözügedən kataloq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud və potensial təhdidlərin sistemli təsnifatını təqdim etməklə, dövlət qurumları üçün risklərin düzgün identifikasiyası və prioritetləşdirilməsi baxımından mühüm praktiki alət olmaqla yanaşı onların aradan qaldırılması istiqamətində həllər və tövsiyələr verən effektiv vasitəyə çevriləcək. Bu platformanın texnoloji inkişafla paralel daima yenilənməsinə xüsusi diqqət ayıracağıq”, - deyə A.Əhədov əlavə edib.

Chosen
3
2
azertag.az

3Sources