EN

Donald Tramp və Nyu-York meri azərbaycanlı tələbəni ABŞ-dən deportasiyadan xilas etdi – FOTO

Donald
Keçən cümə axşamı səhər ABŞ-nin Miqrasiya və Gömrük İdarəsinin (ICE) agentləri Nyu-York polisi kimi təqdim olunaraq Kolumbiya Universitetinin yataqxanasına daxil olub və Azərbaycan vətəndaşı olan tələbə Elmina Ağayevanı saxlayıblar. 1news.az xəbər verir ki, universitet qızın “qaçırıldığını” bildirərək insident barədə açıqlama verib və hadisə qısa müddətdə geniş rezonans yaradıb. Günün sonunda ABŞ Prezidenti Donald Tramp da baş verənlərə münasibət bildirib.
Həbs saat 06:30-da universitetə məxsus mənzildə həyata keçirilib. Elmina Ağayeva ABŞ-da ən azı 10 ildir yaşayır və "Instagram"da 100 mindən çox izləyicisi var. Həbsindən dərhal sonra o, "Instagram"da hekayə hissəsində avtomobilin arxa oturacağında oturduğu fotonu paylaşaraq yazıb: “DHS (ABŞ Daxili Təhlükəsizlik Departamenti) məni qanunsuz həbs edib. Zəhmət olmasa kömək edin”. Kolumbiya Universiteti rəsmi açıqlama yayıb: “Səhər saatlarında Daxili Təhlükəsizlik Departamentinin federal agentləri yataqxanaya daxil olaraq bir tələbəni saxlayıblar. Biz əlavə məlumat toplayır, ailə ilə əlaqə qurmağa çalışır və hüquqi dəstək göstəririk. Hazırda başa düşürük ki, agentlər binaya ‘itkin düşmüş’ iddiası ilə aldatmaq yolu ilə daxil olublar”. Açıqlamada bildirilir ki, ICE agentləri mülki geyimdə binaya daxil olaraq saxta şəxsiyyət vəsiqəsi göstəriblər və 5 yaşlı itkin uşaq axtarışı barədə arayış təqdim etməklə təhlükəsizliyi aldadıblar. Universitet administrasiyası aldadıldığını başa düşdükdən sonra polisə zəng edib. Manhetten şəhərinin meri Bred Hoylman-Siqal sosial şəbəkədə yazıb: “Onlar kampus təhlükəsizlik xidmətini qəsdən aldadaraq tələbənin yaşadığı yerə daxil olublar. Baş vermiş vətəndaş hüquqları pozuntularının miqyası böyükdür”.
Fotoda Kolumbiya Universitetinin tələbəsi Elmina Ağayeva​
Federal qurumlar Azərbaycan vətəndaşı Elmina Ağayevanın həbs olunduğunu təsdiqləyiblər. Onların məlumatına görə, tələbənin tələbə vizası 2016-cı ildə ləğv edilib. ICE-in rəsmi açıqlamasında bildirilir: “ICE Azərbaycan vətəndaşı, qeyri-qanuni miqrant Elmina Ağayevanı həbs edib. Onun tələbə vizası 2016-cı ildə Obama administrasiyası dövründə dərslərə qatılmaması səbəbindən ləğv olunmuşdu. Binanın idarəçisi və otaq yoldaşı agentləri mənzilə buraxıblar. Onun Daxili Təhlükəsizlik Departamentinə heç bir müraciəti yoxdur”. Başqa sözlə, ICE agentləri Elmina Ağayevanın Kolumbiya Universitetinin qanuni tələbəsi olmadığını bildirirlər. Rubic.us xəbər verir ki, həbsə etiraz olaraq təxminən 200 nəfər Kolumbiya Universitetinin qapısı önündə toplaşıb və “ICE ləğv edilsin” və “Miqrantlar – Nyu-Yorkdur” yazılı plakatlar qaldırıblar. Həmin gün Ağayevanın vəkili Manhetten federal məhkəməsinə onun azad edilməsi üçün təcili müraciət təqdim edib. İş sürətlə ən yüksək siyasi səviyyəyə çatdırılıb. Nyu-York meri Zoxran Mamdani bildirib ki, tələbənin həbs məsələsini ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüş zamanı qaldırıb. Sonradan Mamdani sosial şəbəkədə yazıb ki, Prezident Tramp ona bildirib ki, tələbə yaxın vaxtlarda azad ediləcək. Cümə axşamı günü axşam saatlarında Elmina Ağayeva "Instagram" da hekayə hissəsində yazıb: “Hər birinizə çox minnətdaram. Bir az əvvəl azad olunmuşam və indi təhlükəsizlikdəyəm, hər şey qaydasındadır. Evə qayıdıram. Baş verənlərə görə çox təəssüflənirəm, amma hələ də baş verənlərdən şokdayam və telefonum jurnalist zənglərindən dağılır. Hər şeyi dərk etmək üçün bir az vaxta ehtiyacım var. Tezliklə geri dönəcəyəm”. Rubic.us-un məlumatına görə, Elmina Ağayeva Kolumbiya Universitetinin "School of General Studies" fakültəsində dördüncü kurs tələbəsidir. Onun ixtisasları neyrobiologiya və politologiyadır. 29 yaşlı Ağayeva ABŞ-da ən azı 2016-cı ildən yaşayır. Nyu-Yorka təhsil üçün köçmədən əvvəl o, Konnektikut və Şimali Karolina ştatlarında yaşamışdır. 2020-ci ildə ABŞ vətəndaşı, Şimali Karolinada yaşayan Garret Blakbern ilə evlənib. Bildirilib ki, cütlük dörd il əvvəl ayrılıb və hazırda əlaqələri yoxdur.

Feliks Vişnevetski

Chosen
13
2
1news.az

3Sources