Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə bildirib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir:
“Regionlarda həkim çatışmazlığı məsələsi xüsusilə aktuallığını qoruyur. Hesab edirəm ki, həkimlərin 65 yaşında imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Bu məsələ hazırda müəssisə rəhbərlərinin səlahiyyətinə buraxılsa da, praktikada müəyyən neqativ hallara rast gəlinir. Halbuki regionlarda ciddi kadr çatışmazlığı mövcuddur və bu yanaşma daha çevik tənzimlənməlidir".
Həkimlərin 65 yaşında təqaüdə göndərilməsi nə dərəcədə düzgündür? Təqaüd yaşına gəlmiş həkimlər regionlarda kadr çatışmamazlığı olan yerlərə göndərilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, səhiyyə sahəsində aparılan siyasətdə xeyli qüsurlar var:
"Gənc kadrların Almaniyaya, Fransaya, İngiltərəyə, qardaş Türkiyəyə axışması, digər tərəfdən də kifayət qədər təcrübəyə malik həkimləri işdən uzaqlaşdırmağımız həkim çatışmamazlığı yaradıb. Nəyin əsasında bu qərar verilib? Əslində görünən odur ki, bu qərarı verən şəxslər bunu düşünməyiblər, təhlil etməyiblər".
Mütəxəssis həkimlərin sertifikasiyası məsələsindən danışdı:
"Sertifikasiya imtahanlarında dəhşətli vəziyyət yarandı. Sertifikasiya imtahanı verə bilməyən şəxsi işdən çıxartdılar. İnsanlar bezdi, çox adam həkimlikdən getdi, ölkəni tərk etdi. Nəticədə də bu vəziyyət yaranıb. Görünür, bu gün Avropada, Almaniyada, Fransada, İngiltərədə olan həkim çatışmazlığı peşənin çətinliyinə görədir. Bu peşə həqiqətən ağır bir peşədir. Əgər onların öz kadrları çatsaydı, heç bizi yaxın buraxmazdılar. Sadəcə ehtiyacları var. Biz Azərbaycanda olanımızı dəyərləndirməliyik".
Adil Qeybullanın fikrincə, 65 yaşına çatan həkimləri təqaüdə göndərmək bir cinayətdir:
"Bu, adi bir işçi deyil, bu həkimdir, bu, genofondun sağlamlığının keşiyində duran şəxsdir, insanlara xidmət edir. Bunu siz niyə təqaüdə göndərirsiniz? Bu həkimləri heç olmasa müəyyən yaxın rayonlarda, həkim çatmayan yerlərdə, başqa sahələrdə istifadə etmək olardı, amma olmadı. Nə qədər adam tanıyıram ki, 65 yaşdan sonra işdən çıxarılıb, evdə oturub. Düşünürəm ki, bu məsələlər araşdırılmalı və buna son qoyulmalıdır. Əmək qabiliyyətini itirən şəxs, yəni işləmək istəməyən şəxs, pensiya yaşına çatıbsa, işləmir. Amma əmək qabiliyyətini saxlamış, təcrübəli adam işləməyə davam edirsə, niyə biz onun xidmətindən istifadə etməyək?"
Aytəkin TOFİQQIZI