"Qanun layihəsinin 7-ci maddəsində yeni redaksiyada “Torpaqdan istifadə növləri” maddəsində qeyd olunur və təklif olunan dəyişikliklərdə göstərilir ki, “su anbarlarının, habelə digər su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar üçün dörd il, həmçinin dövlət əhəmiyyətli infrastruktur layihələrinin icrası ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi” sözləri əlavə olunur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Parlamentari təklif etdi ki, “yerli icra hakimiyyəti və digər infrastruktur layihələrinin icraçısı ilə əlaqədar” sözləri də əlavə edilsin:
"Çünki bu təkliflə müəyyən məhdudiyyət yaranır. Əgər dəyişiklikdə digər infrastruktur layihələrinin icraçıları da nəzərdə tutulsa, praktik baxımdan həmin növlərin daha geniş layihələndirilməsinə imkan yaradar və gələcəkdə qanuna yenidən dəyişiklik edilməsi zərurətini azaldar. Bu baxımdan təklif edirəm ki, 7-ci maddədə qeyd edilən dəyişikliklərlə yanaşı, “və digər infrastruktur layihələrinin icrası ilə əlaqədar” sözləri də əlavə olunsun.
Digər dəyişiklik 13-cü maddə ilə bağlıdır. Bu maddə yerin təkindən istifadəyə verilməsi ilə əlaqədardır və burada yerin təkinin birbaşa istifadəyə verilməsi halları müəyyənləşdirilir. Nəzərə alsaq ki, həmin maddədə yerin təkinin birbaşa istifadəyə verilməsi halları siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunur, təqdim etdiyimiz təklifdə isə qeyd edilir ki, “yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunsun”. Mən təklif edərdim ki, burada “müəyyən olunsun” deyil, “təsdiq olunsun” ifadəsi işlədilsin. Əgər qaydalar siyahı formasında qanunla təsdiq olunsa, bu, bir tərəfdən şəffaflığın artmasına xidmət edər, digər tərəfdən qaydaların sonradan hissə-hissə dəyişdirilməsi və yenidən təsdiqinə ehtiyacın qarşısını alar. Bu baxımdan hesab edirəm ki, siyahının qanunverici orqan tərəfindən təsdiq edilməsi nəzərə alınaraq, qaydalar da məhz təsdiq olunmalıdır".
Nuriyyə NATİQQIZI