Türkiyə güclü qar və soyuq hava şəraitinin təsiri altına düşüb. Balkanlar üzərindən gələn soyuq və yağıntılı hava dalğası ölkənin bir çox bölgəsində təsirini davam etdirir.
Bir sıra ərazilərdə güclü qar, sulu qar və leysan gözlənilir. Temperaturun mövsüm normasından aşağı olacağı bildirilir. Bəzi bölgələrdə küləyin sürəti 40-70 km/saatadək yüksələrək qısamüddətli fırtına yaradacaq.
Xüsusilə Qara dəniz bölgəsində güclü qar, daxili və şərq ərazilərdə isə buzlanma və don hadisəsi proqnozlaşdırılır. Dağlıq və maili sahələrdə uçqun təhlükəsi ilə bağlı da xəbərdarlıq edilib.
Əlverişsiz hava şəraiti səbəbindən bir çox vilayət və rayonlarda məktəblərdə tədris müvəqqəti dayandırılıb. Rəsmilər vətəndaşları zəruri olmadıqca küçəyə çıxmamağa, ehtiyatlı olmağa çağırır. Musavat.com