Zəngəzur dəhlizinə aparan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85%, tikintisi isə 70% həcmdə tamamlanıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
"Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq", - məlumatda qeyd olunur.
Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1071 metr təşkil edir. İnşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.
Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur.
Qazma işləri qazma-partlatma üsulu ilə aparılır.Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır.
Aytac