"Efirə çıxan müğənninin mimikasına baxın, jestlərinə baxın, hərəkətlərinə baxın, bayağı səsinə qulaq asın - insan nə etsin? Bu mədəniyyətə kim nəzarət etməlidir?"
Redaktor.az xəbər verir ki, bu fikiləri deputat Hikmət Babaoğlu “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.
Parlamentari vurğuladı ki, səhnə mədəniyyəti deyilən bir anlayış da var:
"Biz görmüşük ki, korifeylərimizin, klassik müğənnilərimizin özünəməxsus səhnə davranışı, mədəniyyəti olub. İndi bu nə jestdir? Bu, siyasətçi jestidir, mədəniyyət xadiminin, müğənninin jestidir, yoxsa boksçu jestidir? Yoxsa ümumiyyətlə səhnə anlayışı itib? Mahnı oxuyan bir insan niyə daim əlini, barmağını tamaşaçıya tuşlamalıdır? Mənə elə gəlir ki, indi Mədəniyyət Nazirliyində belə inqilabi addımlar atıldığı bir vaxtda, gəlin bu məsələləri də ya qanunvericilikdə əks etdirək, ya da digər mexanizmlərlə ictimaiyyətə təqdim edib aktuallaşdıraq. Çünki bu da bizim mədəniyyətimizdir və bu mədəniyyətdə belə korlanma olmamalıdır.
Ona görə də hesab edirəm ki, bütün sahələrdə musiqi mədəniyyətimizdən tutmuş dil mədəniyyətimizə qədər əldə etdiyimiz dəyərlərə xüsusi önəm verməliyik. Ziyalılarımızın, musiqişünaslarımızın, sevimli müğənnilərimizin, səhnə mədəniyyəti olan sənətkarlarımızın, aktyorlarımızın təşəbbüsü ilə bu məsələyə ciddi yanaşmalıyıq. Təkcə qanunla mədəniyyətimizdə baş verən deqradasiyadan və bu proseslərdən xilas ola bilməyəcəyik".
Nuriyyə NATİQQIZI