EN

Bakının bu kəndlərinə də qatarla getmək mümkün olacaq - ŞAD XƏBƏR

Bir vaxtlar uzun və yorucu görünən dəmir yolu səfərləri indi daha rahat və sərfəlidir. Çünki qatarlar yenilənib, marşrut xətləri çoxalıb, xidmət rəqəmsallaşıb.

Day.Az xəbər verir ki, marşrutun təkmilləşdirilməsi və reys sayının artırılması üzrə görülən işlər nəticəsində Abşeron dairəvi yolu üzrə sərnişin sayı həftə içi gündəlik 36 mindən 43 minə qədər artıb. 2023-cü ildə 7 milyon, 2024-cü ildə 8 milyon, 2025-ci ildə isə 10 milyon sərnişin qatardan istifadə edib.

Ancaq buna baxmayaraq, sərnişinlər dəmir yolu üzrə yeni marşrut xətlərinin açılmasını istəyirlər.

2030-cu ilədək Bakı ətrafı ərazilərdə dəmir yolları üzrə əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək. Bir vaxtlar Abşeron dairəvi dəmir yolu marşrutu üzrə mövcud olan Yeni Suraxanı-Hövsan xəttinin 2026-2027-ci illərdə, Bakıxanov-Binəqədi xəttinin 2026-2028-ci illərdə, Zabrat-Maştağa-Bağlar xəttinin isə 2028-2030-cu illərdə yenidən qurulması nəzərdə tutulub.

Hazırda bu istiqamətdə yol infrastrukturunun təhlili və layihələndirmə işləri aparılır. Bakı-Xırdalan-Sumqayıt, eləcə də Bakı-Pirşağı-Sumqayıt xətlərinin təkmilləşdirilməsi işləri də həyata keçirilir.

Rəsmi məlumata görə, Bakı-Pirşağı-Sumqayıt istiqamətində Kürdəxanı və Saray dayanacaqlarının da tikintisi həyata keçiriləcək.

Eyni zamanda Bakı-Xırdalan istiqamətində, Biləcəri-Xırdalan xətti üzrə Dərnəgül dayanacağının yaradılması planlaşdırılır. Artıq bu istiqamətdə konkret işlər başlanılıb. Dərnəgül dayanacağı üzrə işlərin 60%-dən çoxu tamamlanıb.

Bu il ərzində stansiyanın tikintisinin tam başa çatdırılması və sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Elcan Turan
Day.Az

Chosen
38
day.az

1Sources