EN

“Sabah”ın növbəti dayanacağı - KÖŞƏ

“Araz Naxçıvan”la oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin sualına əsəbləşmişdi. Səbəb də xeyli gözlənilməz idi. Nə varmış ki, həmkarlarım ondan “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı soruşublar. “Neftçi” bir kənara, “Qarabağ” “Sabah”ın çempionluq yolunda əsas rəqibidi. Belədə Valdas Dambrauskasdan bu barədə soruşmaqdan təbii nə var?! Görünən o idi ki, “Qarabağ”ın adı belə litvalı baş məşqçidə qıcıq doğurur, bu ad gələndə hisslərini cilovlaya, əsəblərinə hakim ola bilmir. Onu yaxşı başa düşürəm. Belə anlarda rəqibi mümkün qədər unutmağa çalışırsan ki, qanını qaraltmayasan.
Amma reallıq ondan ibarətdi ki, “Sabah”ın qarşısında “Qarabağ” kimi güclü, çempionluqlara, qələbələrə vərdiş etmiş komanda var. Doğrudu, hal-hazırda “Sabah” “Qarabağ”dan öndədi. “Neftçi” ilə görüşün təxirə salınmasından sonra aradakı xal fərqi 7-yə çatıb. Bu da “Sabah”a ən azı psixoloji baxımdan xeyli rahatlıq verir. “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə oynaması, gücünü “Çelsi”, “Benfika”, “Ayntraxt” kimi komandalarla mübarizədə itirməsi bu 7 xallıq fərqin yaranmasında böyük rol oynayıb. Möcüzə baş vermədi və “Qarabağ” “Nyukasl” səddini keçməyi, Çempionlar Liqasında yoluna davam etməyi bacarmadı. Çox güman, bu həftədəki səfər oyunu “Qarabağ” üçün cari mövsümdə avrokuboklarda sonuncu olacaq. Məhz ondan sonra “köhlən atlar” yerli çempionata qayıdacaq, bütün gücünü premyer-liqada sərf edəcək, əldən verdiyi liderliyi geri qaytarmaq üçün çalışacaq. Əsl çempionluq yarışı da məhz həmin vaxt başlayacaq.
Elə “Sabah”ın da çempionluq kubokunu başı üzərinə qaldırmağa nə dərəcədə hazır olduğunu məhz indi görəcəyik. Hadisələrin axarı göstərir ki, “Sabah”ın bu yoldakı qarşılaşacağı əngəl təkcə “Qarabağ” deyil. Turlar irəlilədikcə “Sabah”ın oyunları daha da gərgin xarakter alır, qazanılan qələbələr xeyli çətin başa gəlir. “Sabah” qış fasiləsindən sonra meydana əsl fırtına kimi qayıtmışdı. “Karvan-Yevlax”ı 4:1 hesabı ilə məğlub edən “bayquşlar” daha sonra “Zirə”nin qapısından üç top keçirdilər. 4:1 hesabı “Araz Naxçıvan”la oyunda da təkrarlandı. Düşünmək olardı ki, bu yüksəliş davam edəcək, “Sabah” qarşısına keçənin daşını daş üstündə qoymayacaq. Lakin durum bunun əksini göstərir.
Düzdü, “Sabah” son iki oyunda qələbə qazanıb, hesabına 6 xal yazıb. Di gəl ki, bu qələbələrin necə çətin əldə edildiyini hamımız yaxşı görmüşük. “Qəbələ” ilə qarşılaşma hakim qalmaqalı ilə tarixə keçdi. Rauf Cabbarovun meydan sahiblərinin vurduğu qolu hesaba almaması fikirləri haçalandırdı, xeyli mübahisə doğurdu. Düzdü, bu müzakirələr nəticəni dəyişmədi və “Sabah” Qəbələdən 3 xalla qayıtdı. Oyunda sonra Dambrauskasın bu etirafı isə xeyli diqqətçəkən idi: “Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, "Qəbələ" fərqlənəcəkdi. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq”.
“Kəpəz”lə oyunun ssenarisi bir qədər “Qəbələ” ilə oyunu xatırlatdı. O baxımdan ki, bu qarşılaşma da “Sabah” üçün çətin keçdi və aşkar favorit sayılan komanda minimal hesablı qələbə gətirən qolu 88-ci dəqiqədə vurmağı bacardı. Deməli, turlar irəlilədikcə “Sabah”ın qələbə qazanması daha da çətinləşir, rəqiblər Masazır təmsilçisinə qarşı yaxşı hazırlaşa bilirlər.
“Sabah”ın gücü niyə tükənir, parlaq qələbələr qazanmaq niyə mümkün olmur? Bunun səbəbi sadədi. Dambrauskas və onun komandası meydanda yeni nəsə sərgiləyə bilməyincə oyun üslubunu öyrənən rəqiblər “Sabah”ın əl-qolunu bağlayır, qol vurmaq daha da çətinləşir. Bu tendensiya “Qarabağ”la oyunda da hiss ediləcək. Şübhə etməyə dəyməz ki, “Qarabağ”la qarşılaşma “Sabah” üçün xeyli çətin keçəcək. Ardıcıl qələbələr qazanan “Sabah”ın növbəti dayanacağı Tofiq Bəhramovun adını daşıyan Respublika stadionu olacaq. Dambrauskasın ordan əliboş, yoxsa əlidolu çıxacağını isə zaman göstərəcək.

AMAL

Chosen
35
2
football-plus.az

3Sources