EN

Xocalı hadisələrinə 1948 ci il Soyqırımı konvensiyası və beynəlxalq məsuliyyət hüququ çərçivəsində baxış TƏHLİL

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

1992-ci ildə Xocalıda baş vermiş hadisələr beynəlxalq hüququn imperativ normaları sırasına daxil olan soyqırımı qadağası kontekstində qiymətləndirilməli olan ağır beynəlxalq cinayətlərdir. Bu hadisələrin hüquqi tövsifi yalnız müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kateqoriyası ilə məhdudlaşmır. Onlar 1948-ci il tarixli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”da nəzərdə tutulan soyqırımı cinayətinin həm maddi, həm də mənəvi elementləri ilə uyğunluq təşkil edir.

Bu fikirlər Ankara Universitetinin professoru Cavid Abdullazadənin “Xocalı hadisələri 1948-ci il Soyqırımı konvensiyası və beynəlxalq məsuliyyət hüququ çərçivəsində” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC həmin məqaləni təqdim edir:

Soyqırımı Konvensiyasının əsas müddəaları (II və III maddələr)

Konvensiyanın II maddəsinə əsasən, milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən müəyyən əməllər soyqırımı cinayəti hesab olunur. Bu əməllərə daxildir:

Qrup üzvlərinin öldürülməsi;

Qrup üzvlərinə ciddi fiziki və ya psixi zərər yetirilməsi;

Qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması;

Doğumların qarşısının alınması;

Uşaqların zorla başqa qrupa köçürülməsi.

Konvensiyanın III maddəsi isə yalnız soyqırımının törədilməsini deyil, həmçinin soyqırımı törətmək üçün razılaşma, açıq və birbaşa təhrik, cəhd və şərikliyi də cəzalandırılan əməllər sırasına daxil edir.

Xocalı hadisələri kontekstində hədəfə alınmış şəxslər konvensiya ilə qorunan milli və etnik qrup - azərbaycanlı mülki əhali olub. Rəsmi məlumatlara əsasən yüzlərlə mülki şəxsin qətlə yetirilməsi II maddənin (a) bəndində göstərilən “qrup üzvlərinin öldürülməsi” elementinə uyğundur.

Sağ qalan şəxslərin məruz qaldığı ağır işgəncələr, şikəst edilmə və psixoloji travmalar isə II maddənin (b) bəndində nəzərdə tutulan “ciddi fiziki və ya psixi zərər yetirilməsi” elementini təşkil edir.

Beləliklə, hadisələrin maddi elementi baxımından Konvensiyanın II maddəsinin (a) və (b) bəndlərində nəzərdə tutulan əlamətlər mövcuddur.

Mənəvi element və xüsusi qəsd

Soyqırımı digər beynəlxalq cinayətlərdən fərqləndirən əsas cəhət xüsusi qəsdin mövcudluğudur. Burada söhbət yalnız öldürmək və ya zərər yetirmək niyyətindən deyil, qorunan qrupu məhz həmin milli, etnik, irqi və ya dini mənsubiyyətinə görə tam və ya qismən məhv etmək məqsədindən gedir.

Xocalı hadisələri zamanı qurbanların fərdi xüsusiyyətləri deyil, onların azərbaycanlı kimliyi hədəf olub. Hücum zamanı mülki əhalinin qaçış yollarının bağlanması və ayrı-seçkilik aparılmadan həyata keçirilən zorakılıq aktları müəyyən ərazidə yaşayan azərbaycanlı etnik qrupun fiziki mövcudluğunu aradan qaldırmağa yönəlmiş iradənin göstəricisi kimi qiymətləndirilə bilər. Bu baxımdan xüsusi məhvetmə niyyəti - hüquqi təhlilin mərkəzi komponentini təşkil edir.

“Tam və ya qismən” anlayışının hüquqi şərhi

Soyqırımı cinayətinin formalaşması üçün yüksək sayda qurbanın olması hüquqi baxımdan zəruri şərt deyil. Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı tərəfindən baxılmış Akayesu işində vurğulanıb ki, soyqırımı niyyəti mövcud olduqda bir və ya bir neçə şəxsə qarşı törədilmiş əməllər belə cinayətin tərkib elementini formalaşdıra bilər. Eyni mövqe Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Krstic işi üzrə qərarında da ifadə olunub. Həmin qərara görə, müəyyən bir coğrafi ərazidə qorunan qrupun mühüm hissəsinin məhv edilməsinə yönəlmiş niyyət “qismən məhvetmə” anlayışı üçün kifayət hesab edilir. Deməli, soyqırımı cinayətinin mövcudluğu baxımından əsas meyar kəmiyyət deyil, hədəf alınan hissənin qrupun mövcudluğu üçün əhəmiyyəti və xüsusi qəsdin mövcudluğudur.

Dövlət məsuliyyəti və istinadedilmə

Soyqırımı həm fərdi cinayət məsuliyyəti, həm də dövlət məsuliyyəti doğura bilər. BMT Beynəlxalq Hüquq Komissiyası tərəfindən qəbul edilmiş “Dövlətlərin beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyəti haqqında Maddələr” (ARSIWA) istinadedilmə məsələsini sistemli şəkildə tənzimləyir.

Həmin sənədin 8-ci maddəsinə əsasən, bir şəxs və ya qrup dövlətin göstərişi, istiqamətləndirməsi və ya effektiv nəzarəti altında hərəkət edərsə, onların davranışı dövlətə istinad edilə bilər. Beynəlxalq məhkəmə təcrübəsində formalaşmış “effektiv nəzarət” meyarı bu qiymətləndirmədə həlledici əhəmiyyət kəsb edir.

Bu kontekstdə, əgər silahlı birləşmələr dövlətin effektiv nəzarəti altında fəaliyyət göstəribsə, həmin əməllərin dövlətə istinad edilməsi mümkündür. Bundan əlavə, Soyqırımı Konvensiyasından irəli gələn qarşısını alma və cəzalandırma öhdəliyinin yerinə yetirilməməsi də ayrıca beynəlxalq hüquqazidd əməl kimi qiymətləndirilə bilər.

Nəticə

Xocalıda törədilmiş əməllər qorunan milli və etnik qrupun bir hissəsini məhz həmin kimliyinə görə məhv etməyə yönəlmiş xüsusi qəsdin mövcudluğu kontekstində təhlil edilə bilər. Maddi və mənəvi elementlərin birlikdə qiymətləndirilməsi bu hadisələrin beynəlxalq hüququn ən ciddi qadağalarından biri olan soyqırımı qadağası çərçivəsində araşdırılmasını zəruri edir.

Soyqırımı qadağası ilə bağlı öhdəliklərin mövcudluğu nəzərə alındıqda, belə pozuntular yalnız ikitərəfli siyasi mübahisə kimi deyil, bütün beynəlxalq ictimaiyyəti maraqlandıran hüquqi məsələ kimi qiymətləndirilməlidir.

Dövlətlərin soyqırımın qarşısının alınması, cəzasızlıqla mübarizə aparılması, təqsirkarların mühakimə edilməsi və pozuntunun nəticələrinin aradan qaldırılması istiqamətindəki öhdəlikləri beynəlxalq hüquqdan irəli gələn məcburi xarakter daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
azertag.az

2Sources