EN

“Sərhədlərin bağlı qalması oliqarxlara milyardlar qazandırır” Partiya sədrindən AÇIQLAMA

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanın quru sərhədlərinin bağlı qalması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xaricə səfər etmək istəyən vətəndaşlar artan nəqliyyat xərcləri ilə üzləşirlər. Bu vəziyyət sərhədlərin açılması məsələsini yenidən aktuallaşdırıb. Niyə quru sərhədləri açılmır? Mövcud vəziyyətdə dövlət hansı addımları atarsa, həm vətəndaşların, həm də iqtisadiyyatın maraqları qorunmuş olar?

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı “AzPolitika”ya açıqlamasında quru sərhədlərin uzun müddət bağlı saxlanılmasının siyasi və təhlükəsizlik baxımından əsaslı səbəblərinin olmadığını bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətin pandemiya ilə heç bir əlaqəsi yoxdur:

“Dünyada pandemiya mərhələsi geridə qalıb və beynəlxalq səhiyyə təşkilatları da COVID-19-la bağlı əvvəlki məhdudiyyətlərin aktuallığını itirdiyini, həmçinin bu məsələnin şişirdildiyini etiraf ediblər. Bu baxımdan, XXI əsrdə quru sərhədlərin karantin rejiminə istinad edilərək uzun müddət bağlı saxlanılması anlaşılmadır”.

Tural Abbaslı hesab edir ki, sərhədlərin açılmamasının əsas səbəbi dövlətin ümumi iqtisadi maraqları deyil, müəyyən məmur-oliqarx qruplarının şəxsi iqtisadi maraqları ilə bağlıdır:

“İddialara görə, bu sahədə formalaşan dövriyyə təxminən 2 milyard dollar civarındadır. Sərhədlərin bağlı saxlanılması həmin dairələrə il ərzində bu həcmdə gəlir əldə etmək imkanı yaradır. Məhz bu səbəbdən sərhədlərin açılması ilə bağlı müqavimət müşahidə olunur. Vətəndaşlar kifayət qədər narazıdırlar”.

Partiya rəhbəri vurğulayıb ki, quru sərhədlərin bağlı qalması təkcə vətəndaşların xaricə səfər xərclərinin artmasına səbəb olmur, eyni zamanda sərhədyanı bölgələrin sosial-iqtisadi vəziyyətinə birbaşa təsir göstərir:

“Həmin bölgələrdə kiçik ticarətlə məşğul olan minlərlə insan var və sərhədlərin bağlı qalması onların gəlirlərinə və dolanışığına birbaşa mənfi təsir edir. Bu vəziyyət turizm sektoruna da zərbə vurur. Xüsusilə Rusiya və Gürcüstan istiqamətindən quru yolla Azərbaycana gəlmək istəyən turistlərin qarşısı alınır ki, bu da ölkənin potensial gəlirlərini azaldır. Nəticədə dövlət büdcəsi də əhəmiyyətli məbləğdə vəsait itirir.

Hökumətin atmalı olduğu əsas addım quru sərhədlərin açılmasıdır və mövcud problemin başqa effektiv həlli yolu yoxdur”.

Oğuz Ayvaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
azpolitika.info

1Sources