EN

Xocalıda ucalan yaddaş abidəsi – ədalətin və qələbənin rəmzi

Xocalıda ucalan yaddaş abidəsi – ədalətin və qələbənin rəmzi

Azad Xocalı torpağında inşa edilən Xocalı Soyqırımı Memorialı xalqımızın qan yaddaşının daşlaşmış ifadəsi, milli hüznün və eyni zamanda tarixi qələbənin simvoludur.

Bu kompleks yalnız memarlıq nümunəsi deyil, 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş soyqırımının unudulmaması və gələcək nəsillərə çatdırılması üçün yaradılmış konseptual yaddaş məkanıdır. Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır – kompleksi dörd tərəfdən əhatə edən monolit konstruksiya Xocalı sakinlərini qorumağa çalışan rəmzi əlləri ifadə edir. Ərazidə əkilən badam ağacları isə həm yazın müjdəçisi, həm də ədalətə inamın simvoludur.

Fevralın 26-da Xocalı şəhərində Memorialın açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər. Açılış mərasimi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramın, həm də azad edilmiş torpaqlarda həyatın bərpasının rəmzi hadisəsinə çevrildi. İki il əvvəl təməli qoyulan kompleks qısa müddətdə inşa edilərək istifadəyə verildi və artıq ziyarətçilərin üzünə açıldı.

Memorialın tərkibində yaradılmış ekspozisiya zallarında Xocalı soyqırımı ilə bağlı sənədlər, faktlar və interaktiv təqdimatlar yer alır. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş dəhşətli hadisələr, 613 günahsız insanın qətlə yetirilməsi, yüzlərlə sakinin yaralanması, əsir və girov götürülməsi barədə məlumatlar təqdim olunur. Bu faktlar bir daha təsdiqləyir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, “Ədaləti biz özümüz təmin etdik” və bu ifadə sadəcə emosional bəyanat deyil, real tarixi nəticələrin ümumiləşdirilmiş siyasi qiymətidir. Dövlət başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilın antiterror əməliyyatı nəticəsində Azərbaycan həm döyüş meydanında qələbə qazandı, həm də müharibə cinayətkarlarının bir hissəsini məhv etdi, digər hissəsini – xüsusilə separatçı rejimin rəhbər şəxslərini – saxlayaraq məhkəmə qarşısına çıxardı.

Onun sözlərinə görə, dünyada nadir hallarda elə ölkə tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü hərbi-siyasi yolla tam bərpa etsin, həm də müharibə cinayətkarlarını hüquqi məsuliyyətə cəlb etsin. Prezident bildirdi ki, işğal dövründə Azərbaycana “reallıqla barışmaq” barədə müxtəlif təzyiqlər və siqnallar göndərilsə də, dövlətin əyilməz iradəsi dəyişmədi; illərlə aparılan məqsədyönlü siyasət, güclü iqtisadiyyatın və müasir Ordunun qurulması nəticəsində cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi.

2023-cü ildə isə bir neçə saat davam edən antiterror əməliyyatı ilə qanunsuz xunta rejiminin ləğv olunduğunu xatırladan Prezident vurğuladı ki, Xocalıya ədalət məhz həmin an təmin edildi və bununla da tarixi ədalətin bərpası həm hərbi, həm də hüquqi müstəvidə tamamlandı. Prezident çıxışında qeyd etdi ki, torpaqların azad olunması ilə yanaşı, müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi də ədalətin tam təmin olunmasının vacib şərtidir. Müharibə zamanı və sonrakı dövrdə cinayət törətmiş şəxslərin bir hissəsi zərərsizləşdirilmiş, digərləri isə saxlanılaraq məhkəmə qarşısına çıxarılmışdır. Bu isə göstərir ki, Azərbaycan dövləti ədalətin bərpasını yalnız hərbi qələbə ilə deyil, hüquqi müstəvidə də təmin etmişdir.

Dövlət başçısı həmçinin Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs etdi. Bu kontekstdə Heydər Əliyev Fondu tərəfindən başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti xüsusi vurğulandı. Bu təşəbbüs nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər dünyanın müxtəlif ölkələrində geniş auditoriyalara çatdırılmışdır.

Beləliklə, Xocalı Soyqırımı Memorialının açılışı təkcə bir anım mərasimi deyil, həm də qalib dövlətin tarixi ədaləti təmin etdiyini nümayiş etdirən siyasi və mənəvi hadisədir. Bu abidə xalqımızın əyilməz ruhunu, şəhidlərimizin müqəddəs xatirəsini və ədalətə olan sarsılmaz inamını əbədiləşdirir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq, ucaldılan bu memorial isə gələcək nəsillərə tariximizin ağrılı, lakin qürurlu səhifəsini xatırladacaq.

Samirə Hüseynova

Chosen
11
afn.az

1Sources