EN

Xocalıda Memorial Kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

XX əsrin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. 1992-ci ilin fevralında baş verən bu qanlı hadisə yalnız bir şəhərin deyil, bütöv bir xalqın taleyinə ağır zərbə vurub. Soyqırımının 34-cü ildönümündə Xocalıda Memorial Kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu abidə, ilk növbədə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi missiyasını daşıyır. Xocalı qurbanlarının xatirəsinin doğma torpaqda ucaldılan abidə ilə yad edilməsi milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının rəmzidir. Bu cür komplekslər gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, faciənin unudulmamasını təmin etmək və “bir daha təkrarlanmasın” mesajını ötürmək baxımından xüsusi rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqmasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Memorial Kompleks tarixi həqiqətlərin beynəlxalq müstəvidə təsdiqi baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu kontekstdə “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etməliyik. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” çərçivəsində soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olunub. Ərazi bütövlüyü və suverenliyini bərpa edən, şəhidlərimizin qisasını döyüş meydanında alan Azərbaycan həm də əli Xocalı sakinlərinin qanına batan caniləri ədalət mühakiməsinə cəlb etməyə nail olub. Bu isə tam və mütləq Qələbənin göstəricisidir.

“Xocalı Memorial Kompleksi həm də beynəlxalq qonaqlar, diplomatlar və tədqiqatçılar üçün faktlar mənbəyidir. Bu, informasiya müharibəsi şəraitində tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq.

Təbii ki, Xocalıda belə bir kompleksin məhz hadisələrin baş verdiyi ərazidə inşa olunması xüsusi simvolik məna daşıyır. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə kompleksin inşasının uzun müddət əvvəl nəzərdə tutulduğunu, lakin yubanmasının səbəbini də açıqlayıb. Belə ki, abidənin məhz Xocalıda inşa olunması hər zaman qarşıda duran prioritet olub. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı heç vaxt şübhə yeri olmadığını təsdiqləyir”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
8
azertag.az

10Sources