Xatırladaq ki, hələ ötən ilin dekabr ayından başlayaraq SOCAR-ın istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana göndərilib. İlkin olaraq ümumi həcmi təxminən 1300 ton olan yük qatarı Gürcüstan-Ermənistan sərhədindən keçib. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrda Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 min 210,28 ton "Premium Euro-95" markalı avtomobil benzini tədarük edilib. Cari il fevralın 25-də isə Azərbaycan yenidən Ermənistana 4 500 ton dizel yanacağı göndərib. Bu, Azərbaycanın öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırması sayəsində mümkün olub.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan nefti Ermənistan bazarına daxil olduqda qiymətlərin tənzimlənməsində mühüm faktor rolunu oynayır. Bunu ölkənin iqtisadiyyat naziri də təsdiq edir: "Hazırda 430 drama (təxminən 1.80 AZN) satılan Azərbaycan benzini Ermənistanda böyük rəğbətlə qarşılanır və çox qısa müddətdə tükənir. Azərbaycan benzini bazarda olmayanda digər mənbələrdən gələn yanacağın qiyməti dərhal yüksəlir. Nəticə budur ki, əhalinin hər zaman ucuz yanacağı olması üçün Azərbaycan benzini çox alınmalıdır. Vətəndaşlar hər 10 litrə görə 750 dramdan çox qənaət edirlər".
Maraqlıdır, belə halda Ermənistan iqtisadi baxımdan Azərbaycandan asılı dövlətə çevrilə bilərmi? Əvvəla qeyd edək ki, Ermənistan iqtisadiyyatının böyük bir hissəsi Rusiyadan asılıdır. Amma bu asılılıq son illərdə bir qədər dəyişib. Ənənəvi olaraq, Ermənistanın iqtisadiyyatı Rusiyaya çox bağlı olub, çünki Rusiya, Ermənistana ən böyük ticarət tərəfdaşlarından biri, həmçinin böyük miqdarda investisiya qoyan və mütəxəssis işçi qüvvəsi (migrasiya yolu ilə) göndərən ölkədir. Ermənistanın idxal etdiyi malların əksəriyyəti Rusiyadan gəlir. Bu, xüsusilə enerji, xammal və istehlak mallarına aiddir. Ermənistanın enerji bazarı, xüsusilə qaz və elektrik enerjisi, Rusiyanın enerji şirkətləri ilə sıx əlaqədədir. Rusiyanın "Gazprom" şirkəti Ermənistandakı təbii qaz təchizatının əsas təminatçısıdır. Bir çox erməni işçi Rusiyada çalışır və bu işçilərdən gələn pul köçürmələri Ermənistan iqtisadiyyatı üçün mühüm gəlir mənbəyidir. Həmçinin, Rusiya Ermənistana müxtəlif sahələrdə, o cümlədən hərbi və infrastruktur sahələrində investisiya yatırır.
Ermənistan və Rusiya arasında güclü bir hərbi ittifaq mövcuddur. Rusiya, Ermənistanın təhlükəsizlik sahəsində əsas tərəfdaşıdır və bu, həm hərbi avadanlıqların satışı, həm də hərbi bazaların mövcudluğu ilə özünü göstərir. Amma Ermənistan son illərdə, xüsusilə 2020-ci ildən sonra iqtisadiyyatını diversifikasiya etməyə və digər ölkələrlə ticarət əlaqələrini gücləndirməyə çalışır. Bu çərçivədə, Ermənistanın Avropa İttifaqı və İranla da ticarət əlaqələri artıb, eləcə də Türkiyə ilə münasibətlər müəyyən dərəcədə inkişaf etməkdədir. Belə halda, Ermənistanın Azərbaycanla iqtisadi əlaqələrinin genişləndirməsi bu ölkə üçün yeni pəncərənin açılması deməkdir. Şübhəsiz ki, bu əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmayacaq. Azərbaycan iqtisadiyyatın ən müxtəlif sahələri üzrə kifayət qədər potensiala malikdir. Və istehsal mallarının idxalı üçün yeni bazar axtarışındadır. Ermənistanla iqtisadi əlaqələrin genişlənməsi ilə Azərbaycan regionda yeni enerji bazarı əldə etmiş olur. Hazırda Türkiyə və Ermənistan arasında da iqtisadi əməkdaşlığın konturları barədə müzakirələr gündəmdədir. Türkiyə ilə sərhədlərin aşılması Ermənistan iqtisadiyyatına yenu nəfəs verə bilər. Zəngəzur dəhlizinin (Tramp yolunun) açılması istiqamətində ABŞ-ın Ermənistanla gəldiyi razılığa əsasən Birləşmiş Ştatlar bu ölkə iqtisadiyyatına kifayət qədər sərmayə yatıracaq. Bu isə Ermənistanın Rusiya iqtisadiyyatından asılılığına son qoya bilər. Nəticədə Ermənistan Türkiyə və Azərbaycandan iqtisadi asılı ölkəyə çevrilə bilər.
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31