EN

Prezidentin Xocalı mesajları: "Hər kəs nəzərə almalıdır”

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilib. 

Onlardan biri  də ölkə başçısının iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. 

Memorialın açılışında iştirak edən Prezident İlham Əliyev Xocalı faciəsi ilə bağlı çıxışında bir sıra məqamlara toxunub.  Azərbaycan xalqı üçün bu, ən böyük faciə olduğunu deyən ölkə başçısı qeyd edib ki, bu faciəni dünya ictimaiyyətinə çatdırmaq, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar: 

“Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. 

Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilib. 

Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa cəhd edirdi. 

Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.

Ölkə başçısının Memorialın açılışındakı çıxışı və verdiyi mesajlar ictimaiyyət nümayəndələri, ziyalılarımız tərədindən yüksək qiymətləndirilir. 

Məsələ ilə bağlı Azad Vətən partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a bildirib ki,  Xocalı şəhərində Soyqırımı Memorialının açılışı böyük bir hadisədir: 

“Açılışda iştirak edən cənab Prezident bir sıra məqamlara toxundu. Orada iki bundan öncə tikinti işləri başlamışdı və hər tələbata cavab verən bir tikilidir. Böyük ehtimalla regiona səfər edən xarici nümayəndələrin hamısı həmin kompleksi ziyarət edəcək və ermənilərin vəhşilikləri ilə tanış olacaqlar. 

Eləcə də geniş şəkildə Azərbaycan ictimaiyyəti, tələbələr, şagirdlər zaman-zaman bu kompleksi ziyarət edəcəklər. Kompleksin açılışında ölkə başçısı çıxında qeyd etdi ki, illərdir “Xocalıya ədalət” kampaniyası aparılır, müxtəlif ölkələrdə tədbirlər keçirilib. 

Eyni zamanda, müxtəlif ölkələrin ictimai-siyasi xadimləri, incəsənət nümayəndələri o prosesə cəlb olunmuşdular və geniş rezonans doğururdu. O həqiqətlərin çatdırılması, sonradan həmin ölkələr tərəfindən Xocalı soyqırımının tanınması və diqqətin ona yönəlməsi ilə bağlı əhəmiyyətli rol oynadı. Ona görə də bu kampaniya vacib bir hadisə idi. 

Bu baxımdan, həmin məsələ yenə də cənab Prezident tərəfindən qeyd edildi. Biz ermənilərdən fərqli olaraq başımıza gələn faciələrlə bağlı bizi tanısınlar, kiminsə yazığı gəlsin mövqeyindən çıxış etmirik. Bu, ermənilərin xüsusiyyətidir ki, olan-olmayan, hətta bir çoxu da yalan olan faktlar irəli sürürlər. 

Məsələn, 1915-ci il hadisələrini “böyük faciə” kimi təqdim edirlər ki, dünyada onların halına acısınlar, yardım göstərsinlər. Bizim elə bir məqsədimiz yoxdur.  Biz sadəcə ermənilərin vəhşi sifətini, cinayətlərini göstərmək üçün  o kampaniyanı aparırdıq və bu istiqamətdə işlər yenə davam edir”. 

Partiya sədrinin sözlərinə görə, Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı bir çox tədbirlər keçirildi, diqqətə çatdırıldı və məqsəd ondan ibarət idi ki, ermənilərin vəhşilikləri, həqiqi siması tanıdılsın: 

“Prezident çıxışında Xocalı faciəsi ilə bağlı bir sıra məqamı vurğuladı. Həmin məqamlardan biri də odur ki, “bu cinayətləri biz heç vaxt nə unudacaq, nə də bağışlayacaq deyilik”. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər heç vaxt yaddan çıxmayacaq. 

Bu gün Azərbaycanın böyük qələbəsindən, zəfərindən sonra münasibətlər normallaşır. Diplomatik münasibətlər də yarana bilər. İqtisadi, nəqliyyat əlaqələri artıq var.  Bunlar hamısı normaldır. Çünki dünya sistemindən kənarda dayana bilmərik. 

Ancaq cəmiyyətlər arasında münasibətlər heç bir halda istiləşməməlidir. Yəni Prezident də onu qeyd edir, cinayətlər, törətdikləri vəhşiliklər  yaddan çıxmamalıdır. Hesab edirəm ki, bu da çox ciddi bir mesajdır. Bəziləri artıq özlərini hazırlayıblar ki, ermənilərlə dostluq münasibətinə başlasınlar. Buna heç bir ehtiyac yoxdur. 

Biz ötən 100 il ərzində ermənilərin cinayətlərini ən azı iki-üç dəfə  bağışlamışıq. Ancaq yenə də bizə qarşı cinayətlər törədiblər, xəyanət ediblər. Onların törətdiyi vəhşilikləri unutmaq mümkün deyil. 

Eyni zamanda, məsələnin mahiyyəti odur ki, biz unutqanıq və ona görə də onlar sonra yenidən cinayətlərə əl atırlar. Ona görə də həmin cinayətləri törətməməsi üçün onları yaxına buraxmaq olmaz, aramızda məsafə saxlamalıyıq. Prezidentin verdiyi mesajlardan biri də məhz bundan ibarətdir və hər kəs də bunu nəzərə almalıdır”.

Chosen
18
cebheinfo.az

1Sources