"Son illərdə cəmiyyətin geyim mədəniyyəti sürətlə dəyişib. Əgər əvvəllər geyim daha çox sosial statusu, ailə tərbiyəsini və ənənəvi baxışları əks etdirirdisə, bu gün o, fərdi kimliyin ifadə vasitəsinə çevrilib. Moda artıq təkcə trendləri izləmək deyil, insanın özünü necə gördüyünü və necə təqdim etmək istədiyini göstərən vizual dildir".
Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, qloballaşma, sosial şəbəkələrin təsiri və dünya modasına əlçatanlığın artması geyim seçimlərinə ciddi təsir göstərib: "Instagram, TikTok və digər platformalar vasitəsilə insanlar fərqli üslublarla tanış olur, beynəlxalq brendlərlə yanaşı, lokal dizaynerlərin işlərini də kəşf edirlər. Nəticədə geyim daha cəsarətli, eksperimental və fərdi xarakter almağa başlayıb.
Azərbaycanda isə bu dəyişiklik xüsusilə son on ildə daha aydın hiss olunur. Əvvəllər daha konservativ və oxşar geyim tərzi üstünlük təşkil edirdisə, indi küçə modasında müxtəlif üslubların vəhdətini görmək mümkündür: klassik zəriflik, minimalizm, street style, oversize trendlər və milli elementlərin müasir interpretasiyası bir arada mövcuddur. Xüsusilə gənc nəsil geyimi artıq təkcə “səliqəli görünmək” üçün deyil, öz dünyagörüşünü ifadə etmək üçün seçir.
Fərdi stil mədəniyyətinin formalaşması prosesi Azərbaycanda artıq başlayıb və inkişaf mərhələsindədir. Yerli dizaynerlərin artması, moda tədbirlərinin keçirilməsi və sosial mediada stil bloqerlərinin aktivliyi bu prosesə təkan verir. İnsanlar hazır kombinləri təkrarlamaq əvəzinə, fərqli parçaları birləşdirərək özünəməxsus obraz yaratmağa çalışırlar. Bu isə cəmiyyətin estetik düşüncəsinin və vizual zövqünün inkişaf etdiyini göstərir. Bununla yanaşı, ənənəvi dəyərlər tamamilə arxa plana keçməyib. Xüsusilə rəsmi və ailəvi tədbirlərdə klassik və milli üsluba bağlılıq qorunur. Lakin gündəlik həyatda sərbəstlik və rahatlıq ön plana çıxır. Praktik, funksional və rahat geyimlər daha çox seçilir, eyni zamanda zərif detallarla fərdilik vurğulanır.
Bugünkü Azərbaycan cəmiyyətində geyim artıq sadəcə örtük deyil, mövqedir. İnsan nə geyindiyi ilə kim olduğunu, hansı düşüncəyə sahib olduğunu və hansı estetikaya yaxın olduğunu nümayiş etdirir. Bu isə göstərir ki, fərdi stil mədəniyyəti formalaşır və zaman keçdikcə daha da dərinləşəcək. Moda artıq kollektiv oxşarlıqdan fərdi ifadəyə doğru istiqamət alıb".