EN

“Qarabağ”la ilklər və rekordlar - VİDEO

Azərbaycan klubları üçün avrokubokların 2025/26 mövsümü başa çatıb. Mübarizəni davam etdirən sonuncu təmsilçimiz - Çempionlar Liqasının pley-offuna qədər irəliləyən “Qarabağ” 1/8 final şansını İngiltərənin “Nyukasl” klubu ilə matçlarda əldən verib. Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.

"Football-plus.az" PFL-ə istinadla xəbər verir ki, Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn “Qarabağ” buna liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. “Qarabağ” Çempionlar Liqası yolunda, “Sabah” Çempionlar yolunda mübarizə aparıb.

Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan “Qarabağ” özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/15 mövsümündən başlayan seriya müddətində 2 dəfə Çempionlar Liqası, 9 dəfə Avropa Liqası, 1 dəfə Konfrans Liqasında əsas raunda yüksəlib.

1-ci turun “Benfika” ilə Portuqaliyadakı oyununda 3:2 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb.

“Benfika” ilə oyunun ən yaxşısı seçilən Pedro Bikalyo Azərbaycan klubunun heyətində Çempionlar Liqasında matçın oyunçusu seçilən ilk futbolçu kimi tarixə düşüb.

2-ci turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib, həm də ilk quruhesablı qələbəni qazanıb.

“Kopenhagen”lə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk azərbaycanlı futbolçu olub.

4-cü turda dünya çempionu “Çelsi” ilə Bakıdakı oyunda qeydə alınan 2:2 hesablı heç-heçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk xalı kimi tarixə düşüb.

7-ci turun “Ayntraxt”la Bakıda keçirilən oyununda (3:2) qol sevinci yaşayan Bəhlul Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.

Çempionlar Liqasının liqa mərhələsini 10 xalla başa vuran “Qarabağ” 2017/18 mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb.

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla pley-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədi.

“Qarabağ”ın Çempionlar Liqasının pley-offuna yüksəlməsi UEFA reytinqində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının avrokuboklardakı ən yüksək qazancıdı.

Elvin Cəfərquliyev “Nyukasl”la ilk matçda (1:6) qol vurmaqla Çempionlar Liqasının pley-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O, cavab görüşündə də (2:3) rəqib qapısına yol tapmaqla Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl iki oyun qol vuran ilk azərbaycanlı futbolçu olub.

Kamilo Duran liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.

“Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə ümumilikdə 31 qol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudu.

2025/26 mövsümündə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub ki, bu da 2023/24 mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdı. Bu qollardan 31-i “Qarabağ”ın payına düşür.

“Qarabağ”ın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub. Bu, 2023/24 mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidi.

“Qarabağ” cari mövsüm klubun UEFA reytinqinə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.

Chosen
3
11
football-plus.az

10Sources