EN

Professor: WUF13 region üçün yeni şəhərsalma mərhələsinin başlanğıcı ola bilər

Bakı, 27 fevral, Günel Türksoy, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün tarixi hadisədir. Forumun məhz bu coğrafiyada ilk dəfə təşkil olunması region ölkələrinin qlobal şəhərsalma gündəliyində daha fəal və təsirli iştirakına real imkan yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova deyib.

O qeyd edib ki, WUF13 region ölkələri üçün yerli prioritetləri qlobal dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırmaq baxımından nadir platformadır: “Bu forum təkcə beynəlxalq tədbir deyil, həm də regionun intellektual və peşəkar potensialının nümayişidir. Cənubi Qafqaz və Mərkəzi Asiya şəhərləri sürətli urbanizasiya, iqlim dəyişiklikləri və sosial transformasiya kimi çağırışlarla üz-üzədir. WUF13 bizə bu problemləri qlobal təcrübə ilə müqayisəli şəkildə müzakirə etmək və ortaq həllər formalaşdırmaq imkanı verir”.

Professor vurğulayıb ki, Bakının forum üçün ev sahibi kimi seçilməsi təsadüfi deyil: “Son illərdə paytaxtda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, ictimai məkanların yenidən qurulması, ağıllı şəhər yanaşmalarının tətbiqi və azad olunmuş ərazilərdə aparılan müasir şəhərsalma konsepsiyaları region üçün nümunə xarakteri daşıyır. Bakı WUF13 vasitəsilə regiondakı şəhərlərdə davamlı şəhərsalma fəaliyyətinin təşviqinə və dayanıqlığın gücləndirilməsinə mühüm töhfə verəcək. Bu forum region şəhərlərinin gələcəyini yalnız nəzəri müstəvidə deyil, praktik əməkdaşlıq müstəvisində də formalaşdıracaq. Akademik dairələr, dövlət qurumları və özəl sektor arasında yeni tərəfdaşlıqlar yaranacaq. Memarlıq fakültəsi olaraq biz də tələbələrimizin və gənc mütəxəssislərimizin bu prosesdə aktiv iştirakını təmin etməyi prioritet hesab edirik. WUF13 regionun şəhərsalma siyasətində daha sistemli, inklüziv və dayanıqlı yanaşmanın möhkəmlənməsinə təkan verəcək və Bakı şəhəri bu transformasiyanın mərkəzi platformasına çevriləcək”.

Chosen
13
1
azertag.az

2Sources