EN

Qazaxıstanın Baş Prokurorluğu sabiq məmurların Epşteynlə əlaqələrinin yoxlanılmasına başlayıb

Qazaxıstanın Baş Prokurorluğu ölkənin yüksək vəzifəli sabiq məmurlarının Ceffri Epşteynlə mümkün əlaqələrinin yoxlanılmasına başlayıb.

"Far.Az"un yerli bürosunun məlumatına görə, bu barədə Qazaxıstanın Baş Prokuroru Berik Asılov Akordada jurnalistlərə bildirib.

Yoxlamaya səbəb deputat Asxat Rəhimjanovun deputat sorğusu olub, sorğuda Qazaxıstanın keçmiş məmurlarının Ceffri Epşteynlə mümkün əlaqələri məsələsi qaldırılıb.

B.Asılovun sözlərinə görə, yoxlama həm prokurorluq orqanları, həm də digər qurumlar tərəfindən aparılır.

Baş Prokuror qeyd edib ki, yoxlama çərçivəsində hələ ki konkret soyadlar açıqlanmır, lakin Kərim Məsimovun (sabiq baş nazir, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri, 2022-ci ildə dövlətə xəyanətə və dövlət çevrilişi təşkil etmə cəhdinə görə məhkum edilib - red.) Epşteynlə mümkün əlaqələri, eləcə də onun Qazaxıstanda ola bilməsi faktları ilə bağlı ilkin yoxlamanın başladığını təsdiqləyib.

Bundan əlavə, B.Asılovun sözlərinə görə, keçmiş baş nazir müavini və Milli Bankın keçmiş rəhbəri Kayrat Kelimbetovla bağlı məlumatlar, xüsusilə onun mümkün xarici səfərləri və əlaqələrinə dair məlumatlar ayrıca araşdırılacaq.

Ceffri Epşteyn azyaşlıların cinsi istismarına görə məhkum olunmuş amerikalı maliyyəçidir. O, 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutların olduğunu açıqlayıb. Onlardan ən gənci 14 yaşında olub.

Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları yer alıb. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Chosen
4
far.az

1Sources