EN

Hamlet İsaxanlı: Keyfiyyətli təhsil — istedadlı tələbə, nüfuzlu müəllim və sağlam mühitin vəhdətidir

Bakı, 27 fevral, Xatirə Cəfərova, foto İlqar Cəfərov, AZƏRTAC

Tədrisin keyfiyyətinin qorunması və beynəlxalq standartlara uyğunlaşdırılması ali təhsil müəssisələri üçün əsas prioritetlərdən biridir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məlumat verib.

“Ali məktəblərdə tədris mərkəzdə dayanır. Lakin burada əsas sual yaranır: keyfiyyət nədir? Çünki tədris prosesi olduqca mürəkkəb və çoxşaxəli bir prosesdir.

Təhsildə iştirak edən tərəflərdən biri öyrənənlərdir — şagirdlər və tələbələr. Keyfiyyətli təhsil üçün ilk növbədə keyfiyyətli tələbə olmalıdır. Tələbə öyrənməyi istəməli, elmə maraq göstərməlidir. O, çalışqan, diribaş olmalı, həyatda qarşısına məqsəd qoymalı və həmin məqsədə çatmaq üçün çalışmalıdır. Belə tələbə olmadan tədris prosesində yüksək nəticə əldə etmək çətindir.

Digər tərəfdən isə sual yaranır: tələbə kimdən öyrənəcək? Əlbəttə ki, müəllimdən. Buna görə də müəllim keyfiyyətli olmalıdır. O, sadəcə dərs deyən şəxs deyil, öz sahəsinin alimi olmalıdır. Elə bir alim olmalıdır ki, dünyada gedən elmi prosesləri izləsin, qlobal dəyişiklikləri anlasın və bu yenilikləri tələbələrinə çatdıra bilsin. Deməli, bu gün ali təhsildə ən mühüm göstəricilərdən biri müəllimin — alimin keyfiyyətidir. Çünki güclü tələbə ilə güclü müəllim bir araya gəldikdə həqiqi keyfiyyətli təhsil formalaşır. Kiminsə burada oxuması və bizim diplomu alması o deməkdir ki, o, bizim müəyyən etdiyimiz akademik qaydalara uyğun təhsil almalıdır. Çünki diplom sadəcə kağız deyil — keyfiyyət göstəricisidir. Tələbəyə yaxşı təlim və tərbiyə verən müəllim isə hər zaman asanlıqla tapılmır. Buna görə müəllim və alim məsələsi son dərəcə ciddidir. Müəllim keyfiyyətli olmalı, öz sahəsinin bilicisi və daimi inkişaf edən bir alim olmalıdır”,-deyə professor bildirib.

Professor H.İsaxanlı əlavə edib ki, keyfiyyətli təhsil üçün müvafiq şərait də yaradılmalıdır. Bu sıraya müasir binalar, auditoriyalar, laboratoriyalar, zəngin kitabxanalar, güclü tədris proqramları, yerli və xarici müəllim heyəti daxildir. Yəni infrastruktur və akademik mühit elə qurulmalıdır ki, biz həqiqətən keyfiyyətdən danışa bilək. Bu şərait öz-özünə yaranmır — onu məqsədli şəkildə yaratmaq lazımdır. Ancaq bütün bunlarla yanaşı, bir mühüm məsələ də var: mühit. Əgər ən yaxşı bina, ən yaxşı müəllim, ən yaxşı proqram olsa belə, amma ədalətsizlik, qeyri-obyektiv qiymətləndirmə, tapşırıq, rüşvət və qeyri-etik davranış mövcud olsa, orada keyfiyyətdən danışmaq mümkün deyil. Keyfiyyət anlayışı ilk növbədə dürüstlük, prinsipiallıq və şəffaflıq tələb edir. Deməli, keyfiyyətli təhsil — yaxşı tələbə, yaxşı müəllim və alim, güclü maddi-texniki baza və sağlam mənəvi mühitin vəhdətidir. Bütün bu amillər birlikdə olduqda həqiqi nəticə əldə edilir. Dünya universiteti olmaq üçün sadəcə akademik müəssisə olmaq kifayət deyil. Universitet həm elm mərkəzi, həm də texnoloji mərkəz olmalıdır. Bu istiqamətdə Xəzər Universitetində uzun müddət davamlı iş aparılıb və görülən tədbirlər nəticəsində universitet həm elmi, həm də texnoloji baxımdan inkişaf etdirilib.

Chosen
22
azertag.az

1Sources