EN

TƏBİB-in aqibəti aydınlaşıb - nazirin də xəbəri var...



Adil Qeybulla: "Artıq bu model ölkədə özünü doğruldub, əslində bunun Səhiyyə Nazirliyinə birləşdirilməsinin vaxtıdır"

Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, TƏBİB-in Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə birləşdirilməsi barədə hökumətdə müzakirələr gedir.

Fevralın 26-da səhiyyə sahəsində gedən islahatlarla bağlı yayılan bu informasiyaya rəsmi açıqlama verilib. Bu iddialara cavab olaraq səhiyyə naziri Teymur Musayev bildirib ki, bu məsələ ilə bağlı hər hansı qərarı nə Səhiyyə Nazirliyi, nə də başqa bir nazirlik özü verə bilməz. Belə bir qərarı verə bilən qurum TƏBİB-in Müşahidə Şurasıdır və bu qurumun qərarı gözlənilməlidir. Nazir həmçinin qeyd edib ki, bu barədə suallar birbaşa TƏBİB-ə yönləndirilməlidir və hələlik TƏBİB-in birləşdirilməsi ilə bağlı rəsmi olaraq təsdiqlənmiş qərar yoxdur.

Yəni, qısa desək, yayılan məlumatlara baxmayaraq belə bir birləşmə hələ rəsmən təsdiqlənməyib.

Belə bir hadisə baş versə, bu, Azərbaycan səhiyyə xidmətlərinin keyfiyyətinə necə təsir edə bilər?

Məsələ barədə "Bakı-Xəbər" qəzetinə açıqlamasında professor Adil Qeybulla bildirib ki, əslində TƏBİB-in yaradılması icbari tibbi sığorta xidmətinə bağlı idi: "Bu, Azərbaycanda ilk təcrübə olduğuna görə icbari tibbi sığorta ilə işləyən xəstəxanalar TƏBİB adı altında birləşdirildi. Artıq bu model ölkədə özünü doğruldub, əslində bunun Səhiyyə Nazirliyinə birləşdirilməsinin vaxtıdır. Təcrübə göstərdi ki, iki icraedici qurum olduğuna – xəstəxanaların bir hissəsi Səhiyyə Nazirliyinin, digər hissəsi isə TƏBİB-in nəzarətində olduğuna görə işin səmərəliliyində bəzən problemlər yaranırdı. Bu baxımdan vahid icra rəhbərliyinin təmin edilməsi, bütün səhiyyə sisteminin vahid bir icra qurumu altında birləşdirilməsi məsələsi artıq həll edilməlidir. Bu, zamanın tələbidir. İcbari tibbi sığorta paketi genişləndikcə buna Səhiyyə Nazirliyi özü nəzarət edəcək.

Maliyyələşdirmə sisteminə gəldikdə isə bunu artıq Maliyyə Nazirliyi də həyata keçirə bilər, yaxud bu iş digər sığorta şirkətlərinə də tapşırıla bilər. Bunun üçün ayrıca bir agentliyə ehtiyac yoxdur. Amma bütün bunlarla yanaşı, şəffaflıq da təmin edilməlidir ki, sui-istifadə hallarına yol verilməsin. Biz çalışmalıyıq ki, yaranmış durumda dövlətin ayırdığı vəsaitin səmərəli xərclənməsi və vətəndaşın ondan fayda və məmnunluq duyması üçün infrastruktur və mexanizmlər düzgün qurulsun. Bir tərəfdən elektron növbəlilik sistemi qurulmalıdır, digər tərəfdən maliyyələşdirmə sistemi daha səmərəli işləməlidir. İlk növbədə xəstənin həyatını önə çıxaran təxirəsalınmaz tədbirlər, doğuş, ürək-damar xəstəlikləri, sonra isə planlı əməliyyatlar bu maliyyələşməyə daxil edilə bilər. Ola bilər ki, bəzi sahələr vətəndaşla dövlət arasında bölüşdürülsün. İstənilən proporsiyada bu maliyyələşməni quraraq dövlətin etimadını doğrultmaq olar".

Akif NƏSİRLİ

Chosen
3
baki-xeber.com

1Sources